Göllər

Azərbaycan ərazisində ümumi sahəsi 395 km2 olan 450 göl müəyyən edilib ki, onlardan 10 gölün sahəsi 10 km2-dən böyükdür.

Mənşəyinə görə Respublikada 7 tip göl müşahidə edilir:

  • buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ və s. zirvələr olan yüksəklik zonada yerləşirlər);
  • subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər – Sarısu, Hacıqabul, Mehman, Ağgöl və s.);
  • bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunurlar – Göygöl, Maralgöl, Ağgöl, Qaragöl və s.);
  • laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər – Gümüşovan, Ağzıbirçala və s.);
  • karst mənşəli göllər (Qobustanda, Hacınohurda, Ceyrançöldə yerləşirlər);
  • sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdımançay və s. çayların hövzələrində yerləşirlər);
  • relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər – Masazır, Böyükşor, Kürdaxanı, Qanlıgöl və s.).

Respublikanın ən iri gölü Kür-Araz ovalığında yerləşən Sarısu gölüdür (su səthinin sahəsi 65,7 km2, həcmi 59,1 mln. m3). Dəmiraparançayın hövzəsində və 3277 m yüksəklikdə yerləşən Tufangöl (sahəsi 0,01 km2, həcmi 0,11 mln. m3) Respublikanın ən yüksək dağlıq gölüdür. Respublikanın ən mənzərəli göllərindən biri məşhur Göygöl gölüdür. Göl 1139-cu ildə güclü zəlzələdən sonra Ağsuçayın orta axınında əmələ gəlib. 

Göygöl