Yeraltı sular

Azərbaycan Respublikası ərazisində istifadəyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanmışdır. İstifadəyə yararlı şirin (minerallaşma dərəcəsi 1,0 q/l-ə qədər) və az minerallaşma (1-3q/l) malik yeraltı sular respublika ərazisində Paleozoy yaşlı süxurlardan başlayaraq müasir dövr çöküntülərinə qədər bütün genetik tiplərdə intişar taparaq ölkəmizdə dağlıq və dağətəyi bölgələrində qeyri-bərabər yayılmışdır. Dağətəyi və düzənlik bölgələrin yeraltı suların regional istismar ehtiyatları Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən qiymətləndirilmiş, bəzi bölgələr (Qarabağ-Mil, Gəncə-Qazax) üzrə isə son dövrlərdə yeraltı su ehtiyatlarının yenidən qiymətləndirilməsi məqsədi ilə hidrogeoloji tədqiqatlar aparılmışdır. Şirin və az minerallaşmaya malik yeraltı suların regional istismar ehtiyatları Alazan-Əyriçay, Samur-Şabran, Şirvan, Qarabağ-Mil, Gəncə-Qazax, Naxçıvan, Lənkəran və s. dağətəyi düzənlikləri üzrə təsdiq olunmuşdur.

Ümumilikdə respublika üzrə müxtəlif illərdə aparılmış hesablamalara əsasən yeraltı suların regional proqnoz istismar ehtiyatları – 23764,28 min m3/gün (və ya ildə təxminən 9 mlrd. m3) təşkil edir. Ehtiyatlar Komissiyasında təsdiq olunmuş - 12079,4 min m3/gün, o cümlədən dağlıq bölgələr üzrə - 126,4 min m3/gün. Bu ehtiyatlardan 1592,1 min m3/gün həcmində yeraltı suların ümumi minerallaşma 1-3 q/l arasındadır ki, bu sulardan suvarma və texniki məqsədlər üçün istifadə oluna bilər.

Azərbaycan Respublikasının ərazisi eyni zamanda yer təkinin dərin horizontlarında intişar tapmış istilik enerji əhəmiyyətli termal və sənaye əhəmiyyətli yüksək minerallaşmış termal və hidromineral xammal suları ilə zəngindir.

Azərbaycan Respublikası ərazisində termal və sənaye sularının ümumi ehtiyatları – 419093 m3/gün hesablanmışdır.

Termal sular

Ənənəvi olmayan günəş, külək və yeraltı termal suların enerjisindən istifadə olunması problemlərinin həlli ilə əlaqədar dünyanın bir çox inkişaf etmiş ölkələrində elmi və təcrübi tədqiqatlar aparılır. Termal suların yeraltı istilik enerjisinin akkumulyatoru və yüksək istilik-enerji tutumluğu xüsusiyyətlərinə malik olması ənənəvi olmayan enerji mənbələri sırasında termal suları xüsusi əhəmiyyətli enerji daşıyıcısı kimi səciyyələndirir.

Azərbaycanda 1964-1970-ci illərdə Talış zonasında (Astara, Lənkəran və Masallı rayonlarında) termal suların öyrənilməsi üçün geoloji-kəşfiyyat işləri aparılmışdır. Bu məqsədlə 17 ədəd kəşfiyyat quyusu qazılmış və bu quyuların hamısında temperaturu 38-64°C olan termal sular aşkar edilmişdir. Onlardan istilik enerjisi kimi istifadə edilməsi məqsədilə qış aylarında faraş tərəvəzin (pomidor, xiyar) yetişdirilməsi üçün 10 ədəd oranjereya yaradılmış və il ərzində 2-3 dəfə məhsul alınmasının mümkünlüyü müəyyən edilmişdir.

Carlı strukturunda qazılmış, dərinlikləri 3200-4500 m olan neft kəşfiyyat quyularında termal sular açılmışdır, onların ümumi debiti 2500 m3, yer səthində temperaturu isə 72-97°C olmuşdur.

Xəzəryanı (Xudat-Xaçmaz) zonasının 3000 m-dək dərinliyi olan kəşfiyyat quyuları vasitəsi ilə ümumi debiti 30000 m3/gün-dən artıq və yer səthində temperaturu 50-81°C təşkil edən termal sular aşkar edilmişdir.

Quba-Xaçmaz zonasında aşkar edilmiş Xudat-Xaçmaz termal sular yatağının kəşfiyyatı aparılmış və 25,7 min m3/gün miqdarında istismar ehtiyatları təsdiq edilərək Dövlət Balansında qeydə alınmışdır.

Respublika üzrə termal suların proqnoz istismar ehtiyatları aşağıdakı kimi qiymətləndirilir:

  • Böyük Qafqazın cənub yamacı - 2000 m3/gün (t-30-50°C) ;
  • Quba-Xaçmaz zonası - 21000 m3/gün (t-40-85°C) ;
  • Abşeron yarımadası - 20000 m3/gün (t-40-90°C) ;
  • Kiçik Qafqazın dağlıq hissəsi - 4000-5000 m3/gün (t-30-74°C) ;
  • Naxçıvan MR - 3000 m3/gün (t-40-50°C) ;
  • Talış dağlıq bölgəsi - 15000 m3/gün (t-31-43°C) ;
  • Lənkəran düzənliyi - 7000-8000 m3/gün (t-44-64°C) ;
  • Kür çökəkliyi - 170000 m3/gün (t-30-71°C) ;
  • Respublika üzrə - 249000 m3/gün.

Termal su yataqlarının geoloji materiallarının təhlili göstərir ki, bütünlükdə termal suların istismar ehtiyatları yuxarıda qeyd olunandan dəfələrlə artıqdır.

Mineral sular

Əhalinin sağlamlığında müalicə əhəmiyyətinə görə özünəməxsus yeri olan mineral su yataqları 200 qrupda cəmlənmiş, onların 1000-dən çox təbii çıxışları qeydə alınmışdır. Lakin cəmi 30 mineral qrup su yatağında tam geoloji-kəşfiyyat işləri aparılmış və istismar ehtiyatları təsdiq edilmişdir.

Azərbaycan Respublikası ərazisində mövcud olan 16 ədəd müalicə-süfrə və 14 ədəd müalicə əhəmiyyətli mineral su mənbələrində (İlisu, Çaqan, Çuxuryurd, Sirab (4 yataq), Vayxır (2 yataq), Badamlı (2 yataq), Darıdağ, Şırlan, Turşsu, Minkənd, Yuxarı İstisu, Aşağı İstisu, Tutxun, Mozçay, Qoturlu, Keşdək, Qarasu, Qalaaltı, Meşəsu, İbadısu, Suraxanı, Mərdəkan¸ Pirşaqı Buzona, Bilgəh) hidrogeoloji tədqiqatlar aparılmış və onların istismar ehtiyatları hesablanmış və təsdiq edilmişdir.

Çox qiymətli mineral sular, xüsusilə, Naxçıvan MR ərazisində geniş yayılmışdır. Bu ərazidə dünyada məlum olan mineral suların əksəriyyətinin analoquna rast gəlmək olar. Muxtar Respublikanın ərazisində müalicə-içməli sular kimi mineral suların istismar ehtiyatları Şahbuz rayonunda Badamlı (Narzan tipli) gündə 690 min litr, Babək rayonunda Sirab (Barjomi tipli) - 178 min litr və (Narzan tipli) - 1468 min litr, Vayxir (Pyatiqorsk tipli) - 270 min litr, balneoloji təyinatlı Mineqorsk tipli Darıdağ - 4507 min litr miqdarında təsdiq edilmişdir.

Lakin Naxçıvan MR ərazisində bu və ya digər mineral su yataqlarının istismar və proqnoz ehtiyatları bu rəqəmlərdən dəfələrlə yüksəkdir. Kəlbəcər rayonunda məşhur "Karlovı Varı" tipli mineral su yatağının analoqu olan Yuxarı Istisu sularının istismar ehtiyatı gündə 82 min litr, Aşağı İstisu - 260 min litr, Qoturlu - 70 min litr, Tutğun - 600 min litr təsdiq edilmişdir.

Mineral suların bazasında əvvəllər burada sanatoriya-kurort kompleksi, mineral su zavodu fəaliyyət göstərirdi. Kəlbəcər rayonunun mineral sularının istismar və proqnoz ehtiyatları yuxarıda göstərilən rəqəmlərdən dəfələrlə çoxdur.

Faktiki olaraq bu suların istismar ehtiyatları dəfələrlə çoxdur və onlar çox qiymətli təbii sərvət kimi xalqın istifadəsinə verilməlidir.

Sənaye əhəmiyyətli sular

Kəşf edilmiş yodlu-bromlu sənaye suları Respublika ərazisində 5 əsas yataqda: Neftçala, Xıllı, Babazənən, Mişovdağ və Binə-Hövsan yataqlarında cəmləşmişdir. İlk 4 yataq Kür çökəkliyinin cənub-şərq hissəsində, Binə-Hövsan yatağı isə Abşeron yarımadasının ərazisində yerləşir.

Abşeron yarımadası və Kür çökəkliyinin aşağı Kür depressiyası ərazisində yerləşən Mişovdağ, Babazənən, Xıllı və Neftçala yataqları ilə bağlı temperaturu 35-65ºC olan dərin yeraltı sular kimyəvi tərkiblərinin yüksək mineralllaşması (210-220 q/litrə qədər) səbəbindən sənaye əhəmiyyətli yodlu-bromlu sular kimi təsnif olunurlar.

Eyni zamanda bu illər ərzində qələvili, sodalı, nadir metallı və digər hidromineral xammal əhəmiyyətli yeraltı suların öyrənilməsi məqsədilə Abşeron yarımadasında Bakı muldasının cinah hissələrində, Zirə, Binəqədi, Kürdəxanı, Qaraheybət, Yasamal dərəsi, Bibiheybət, Atəşgah, Şamaxı-Qobustan nefti-qazlı rayonunun Novoastraxanka, Çevildağ, Kür çökəkliyinin Şorsulu, Muradxanlı, Carlı, Zərdab, Xəzəryanı neftli-qazlı vilayətinin Gədisu, Yalama, Zağlı, Zeyvə, Çandahar-Zarat, Qaynarça, Talabi, Təngialtı, Saadan, Kür-Qanıx çaylararası neftli-qazlı vilayətinin Tərsdəllər, Köyrük-Keylan, Böyük Palantökən, Sajdağ, Udobna sahələrində hidrogeoloji tədqiqatlar aparılmış, Qərbi Abşeronun sodalı sularından istifadə edilməsinin mümkünlüyü barədə texniki-iqtisadi məruzə hazırlanmışdır. Keçən əsrin 60-cı illərinin əvvəllərindən etibarən başlanmış və sonlarına kimi davam etdirilmiş, termal sulara aparılmış məxsusi hidrogeoloji tədqiqat işlərı nəticəsində Azərbaycan Respublikası ərazisində öyrənilmə və xalq təsərrüfatının müxtəlif sahələrində istifadəyə yararlılıq dərəcəsindən, həm də geostruktur, hidrogeotermik və geotermik şəraitindən asılı olaraq 9 hidrogeotermik rayonlar ayrılmışdır:

  • Xəzəryanı-Quba
  • Lənkəran maili düzənliyi
  • Abşeron yarımadası
  • Şamaxı-Qobustan
  • Kür çökəkliyi
  • Cəlilabad-Zar
  • Acınohur
  • Kür-Qanıx çaylararası ərazi
  • Naxçıvan