Aqrometeoroloji müşahidələr

  Aqrometeoroloji müşahidə məlumatları və proqnozlar kənd təsərrüfatı bitkilərinin səpin (əkin), gübrələmə, dərmanlama, biçinin və yığımın aparılması, məhsulun daşınması və digər kənd təsərrüfatı işlərinin vaxtının təyin edilməsi, bitkilərin inkişafı müddətində faktiki temperatur və yağıntı miqdarına əsasən suvarılma normasının tənzimlənməsi, şaxta, dolu, quru küləklər və s. təhlükəli atmosfer hadisələrinə qarşı mübarizə tədbirlərinin görülməsi üçün çox əhəmiyyətlidir. Bu məlumatları əldə etməklə təsərrüfatın düzgün planlaşdırılması, zərər riskinin azaldılması və nəticədə məhsulun qorunmasına nail olmaq mümkündür.

 
 Azərbaycanda epizodik aparılan aqrometeoroloji müşahidələrin tarixi XIX əsrə təsadüf edir. İlk sistematik aqrometeoroloji müşahidələr 1882-ci ildə Gəncə meteoroloji stansiyasında aparılmışdır. Artıq XX əsrin 30-cu illərindən başlayaraq meteoroloji stansiya və məntəqələr şəbəkəsinin genişlənməsi aqrometeoroloji müşahidələrin təşkilinə və aparılmasına geniş imkanlar yaratmışdır. Belə müşahidələr vahid metodika əsasında xüsusi müşahidə sahələrində təşkil edilmişdir. Bunların nəticəsi kimi artıq 1938-ci ildən başlayaraq aqrometeoroloji illiklər və kənd təsərrüfatı üçün xüsusi icmallar tərtib olunmağa başlanmışdır.
  Hazırda aqrometeoroloji müşahidələr Respublika ərazisinin kənd təsərrüfatı üçün əhəmiyyətli olan regionların 19 hidrometeoroloji, 11 aqrometeoroloji stansiyasında və 7 məntəqəsində aparılır. Bu müşahidələr havanın orta, maksimum, minimum temperaturları, torpaq səthinin və müxtəlif dərinliyinin temperaturları, torpağın rütubətliyi, yağıntının gündəlik və dekadalıq miqdarı, küləyin sürəti, nisbi rütubətlik, qarın vəziyyəti kimi meteoroloji göstəricilər üzərində aparılır. Əldə olunan məlumatların təhlili nəticəsində yazda havanin orta sutkalıq temperaturunun 0°,5°,10°,15°- dən keçmə tarixləri, effektiv temperaturların cəmi, şaxtasız dövrün başlanması və bitməsi, quraq günlərin sayı, ən isti ayda havanın orta temperaturu, havanın mütləq minimum temperaturlarının orta kəmiyyəti, qar örtüyünün maksimimum hündürlüyü, qar örtüyünün yaranma tarixləri təyin edilir.
  Kənd təsərrüfatı bitkilərinin vegetasiyası dövründə meyvə və tərəvəz, buğda, arpa, pambıq, qarğıdalı, üzüm, çay bitkilərinin səpin dövründən yetişməyə qədər olan bütün inkişaf mərhələləri və onların vəziyyəti qiymətləndirilir, sahələrdə yerinə yetirilmiş aqrotexniki tədbirlərlə bağlı qeydlər aparılır. Cəfərxan, Sabirabad, İmişli, Zərdab, Biləsuvar, Göytəpə, Bərdə, Tərtər, Naftalan, Salyan, Göyçay, Beyləqan, Kürdəmir, Oğuz, Şəki, Zaqatala, Qəbələ, Quba, İsmayıllı, Şamaxı, Mərəzə, Qaraçala, Gəncə, Tovuz rayonunun buğda və arpa sahələrində aparılan müşahidə və müayinələr nəticəsində bitkilərin faktiki inkişaf fazası, hündürlüyü, əkinin və kök sisteminin ümumi vəziyyəti, bitkilərin zədələnmə və ya məhv olma səbəbləri təyin edilir.
  Aqrometeoroloji məlumatlara əlçatanlığın təmin edilməsi məqsədi ilə Milli Hidrometeorologiya Xidmətinə daxil olan aqrometeoroloji müşahidə məlumatları əsasında hər on gündən bir dekadalıq aqrometeoroloji bülletenlər, dekada üzrə havanın temperatur və yağıntı göstəricilərinin çoxillik iqlim norması ilə müqayisə qrafikləri, ötən ayın aqrometeoroloji şəraitini əks etdirən icmallar, aqrometeoroloji proqnozlar, fermerlər üçün məsləhətlər hazırlanır və www.meteo.az saytında yerləşdirilir.
şəkil 1