Torpaqların çirklənməsinin monitorinqi
Torpaqların çirklənməsi üzrə monitorinq işləri aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
- İri sənaye şəhərlərində yerləşən müəssisələrin ərazi və ətraf torpaqlarının sənaye-texnogen tullantıları - ağır metallarla (nikel, qurğuşun, manqan, xrom, sink, mis, kadmium, dəmir, alminium) çirklənməsi üzrə Bakı, Sumqayıt, Gəncə şəhərlərində;
- Neft və qaz çıxarılan ərazilərdə torpaqların neft məhsulları ilə çirklənməsi;
- Müxtəlif kənd təsərrüfatı bitkilərinin əkin sahələrində torpaqların pestisid və herbisidlərlə çirklənməsi;
- Ölkənin müxtəlif fiziki-coğrafi zonalarında torpaqların fon tərkibi.
Hal-hazırda torpaqların sənaye mənşəli texnogen maddələrlə çirklənmə səviyəsi üzrə 3 şəhərin (Bakı, Sumqayıt, Gəncə ) ətraf torpaqlarında 20 sənaye müəssisəsinin ərazisində müşahidələr aparılır. Həmin şəhərlərdə yerləşən müəssisələrin ərazisindən və ətrafından müəyyən istiqamət və məsafələr üzrə götürülmüş torpaq nümunələrində 10 adda (sulfat, nitrat, karbonat, hidrokarbonat, fosfat, kalsium və maqnezium ionlarının miqdarı, hidrogen göstəricisi, şorlaşma dərəcəsi və elektrik keçiriciliyi) analiz aparılır.
Neft Qazçıxarma İdarələrinin ərazisindəki buruqlararası və onlara yaxın yerləşən qəsəbələrin ərazi torpaqlarında, yəni NQÇİ-yə məxsus altı ərazidən (“Bibi-Heybətneft”, “Binəqədineft“, “Suraxanıneft”, “Balaxanıneft”, Əmirov və Tağıyev adına) götürülmüş torpaq nümunələrində neft və neft məhsullarının miqdarı metodika üzrə 4-xlorlu karbon vasitəsilə təyini edilirdi. Bu həlledici ozon qatına mənfi təsir etdiyindən istehsalı və istifadəsi qadağan olunmuşdur. Hal-hazırda neft və neft məhsullarının miqdarının təyini üçün yeni cihaz alınmışdır və həlledici kimi heksandan istifadə edilir.
Respublikanın müxtəlif fiziki-coğrafi zonalarında torpaqların fon tərkibi üzrə 24 müşahidə məntəqəsindən - hər ay atmosfer yağıntılarından sonra götürülmüş torpaq nümunələrində yuxarıda qeyd olunmuş 10 adda təyinat aparılır.