Haqqımızda
Tariximiz
Meteoroloji məlumatların əldə olunma mənbəyi təlimatlara əsaslanaraq respublikanın ərazisi üzrə yerləşdirilmiş meteoroloji stansiyalar və məntəqələr hesab edilir ki, bu da öz növbəsində meteoroloji şəbəkə adlandırılır. Azərbaycanda ilkin hidrometeoroloji müşahidələrin tarixi çox qədimdir. Belə ki, ilk müşahidələr 1830-cu ildə Xəzər dənizinin səviyyəsi üzərində, ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlamış və sonradan müşahidə şəbəkəsi genişlənərək 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Bakıda və və Şuşada, 1871-ci ildə Gəncədə, 1872-ci ildə Zaqatalada və Şəkidə, 1879-cu ildə Göytəpədə aparılmışdır. Kənd təsərrüfatı bitkiləri üzərində ilkin aqrometeoroloji müşahidələr 1882-ci ildə Gəncə meteoroloji stansiyasında aparılmışdır. Respublika üzrə atmosferin ozon təbəqəsi üzərində müşahidələr ilk dəfə 1993-cü ildən başlayaraq Bakı şəhərində aparılmışdır. Çay suları üzərində ilk hidroloji müşahidələr 1861-ci ildə Kür çayının Salyan məntəqəsində aparılmışdır.1920-ci ildə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsi,1925-ci ildə Bakı Hava Bürosu yaradılmışdır. İlk radiozondun buraxılışı 1936-cı ildə Maştağa qəsəbəsində, 1953-cü ildə isə Lənkəran şəhərində təşkil edilmişdir. 1952-ci ildə ilk dəfə olaraq açıq dənizdə “Neft Daşları“ hidrometeoroloji stansiyası təşkil olunmuşdur.1966-cı ildə hazırki Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun bazasını təşkil edən Elmi Tədqiqat Bakı Xəzər Dəniz laboratoriyası yaradılmışdır.
Respublikada ilk dəfə olaraq doluya qarşı mübarizə ekspedisiyası 1967-ci ildə Dağlıq Qarabağda, 1968-ci ildə Şamaxıda yaradılmışdır. Respublikada ilk dəfə olaraq 1969-cu ildə Bakı və Sumqayıt şəhərlərində, 1972-ci ildə Gəncə və Mingəçevir şəhərlərində atmosfer havasının çirklənməsi üzrə müşahidələr, 1980-ci ildən isə yağış suları üzərində çirklənmə üzrə müşahidələrin aparılmasına başlanılmışdır. 1974-cü ildə Azərbaycan Hidrometeoroloji Xidmətin nəzdində Təbii Mühitin Monitorinqi Mərkəzi,1992-ci ildə Azərbaycan Respublikasının Hidrometeorologiya Komitəsi yaradılmışdır. Azərbaycan Respublikası 1992-ci ildən MDB ölkələrinin Hidrometeorologiya üzrə Dövlətlərarası Şurasına üzv seçilmişdir.
Ölkədə əhalinin, onun əmlakının və iqtisadiyyatın ayrı-ayrı sahələrinin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsi dövlətin daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq son illər hidrometeorologiya sahəsində bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, hidrometerologiya fəaliyyətinin gücləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası 1993-cü ildən Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulmuşdur.1994-cü ilin sentyabrında ÜMT-nin xətti ilə “Xəzərin Hidrometeorologiyası və Çirklənməsinin Monitorinqi“ üzrə Koordinasiya Komitəsi yaradılmış, 2014-cü ildə Xəzəryanı ölkələrin milli hidrometeorologiya xidmətləri arasında “Xəzər dənizinin hidrometeorologiya sahəsində əməkdaşlığa dair Saziş” imzalanmışdır. Azərbaycan Respublikası 1995-ci ildən BMT-nin “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”na qoşulmuşdur. Azərbaycan Respublikası 1997-ci ildən YUNESKO-nun Okeanologiya üzrə Dövlətlərarası Komissiyasının üzvüdür. 17.04.1998-ci ildə “Hidrometeorologiya Fəaliyyəti Haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 yanvar tarixli 62 saylı sərəncamı ilə “Azərbaycan Respublikasında hidrometeorologiyanın İnkişaf Proqramı” təsdiq olunmuş və bununla əlaqədar olaraq, hidrometeorologiya sahəsində bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, ölkənin ayrı-ayrı sahələrinin hidrometeoroloji təhlükəsizliyi təmin olunmuşdur.
Hava və iqlimlə bağlı potensial riskləri və təhlükələri müəyyən etmək üçün Erkən Xəbərdarlıq Sistemləri yaradılır. Erkən Xəbərdarlıq Sisteminin əsas məqsədi iqlim dəyişmələri fonunda artan təhlükəli hidrometeoroloji hadisələrin idarə olunması, onların yarada biləcəyi risklərin minimuma endirilməsidir. Araşdırmalar göstərir ki, əgər 24 saat ərzində erkən xəbərdarlıq edilərsə, fəlakətin vurduğu zərər 30% azala bilər. Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) çağırışına əsasən artıq bütün ölkələr Erkən Xəbərdarlıq Sisteminə keçid etməlidir. Bu dəyişən iqlimə effektiv uyğunlaşma tədbirlərindən biri olub, insan həyatını xilas etmək və iqtisadi itkiləri azaltmaq üçün vacibdir.
Milli Hidrometeorologiya Xidmətinin müşahidə şəbəkəsində modernləşdirmə işləri “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, o cümlədən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” və Dövlət investisiya layihələri çərçivəsində həyata keçirilmişdir. Belə ki, hidroloji müşahidə üzrə 40 sayda avtomat hidroloji stansiya, meteoroloji müşahidələr üzrə 69 sayda avtomat meteoroloji stansiya, dəniz müşahidələri üzrə 6 sayda avtomat dəniz stansiyası, radioloji müşahidələr üzrə 3 sayda dopler radar, aeroloji müşahidələr üzrə 2 sayda aeroloji stansiya quraşdırılmışdır.Hazırda xidmət tərəfindən müasir tələblərə cavab verən yeni avtomat stansiyaların alınması ilə əlaqədar işlər davam etdirilir. Meteoroloji müşahidə şəbəkəsinin tam modernləşdirilməsi hava şəraiti haqqında əldə olunan məlumatların keyfiyyətinin və tərtib olunan hidrometeoroloji proqnozların dəqiqliyinin daha da artırılmasına nail olmağa imkan verəcəkdir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2019-cu il tarixli 476 №-li Fərmanı ilə Milli Hidrometeorologiya Xidməti yaradılmışdır. Xidmətin əsasnaməsi 27 mart 2020-ci il tarixli 975№-li Fərmanla təsdiq edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya sahəsində fəaliyyətin səmərəli təşkil edilməsi məqsədilə 2025-ci ildə Milli Hidrometeorologiya Xidmətində strukturun optimallaşdırılması ilə müvafiq işlər həyatakeçirilmişdir. Hazırda Xidmətin tərkibindəHidrometeoroloji Proqnozlar Bürosu, Situasiya Mərkəzi, İqlim və Meteoroloji Tədqiqatlar Mərkəzi, Məlumatların İdarə Olunması Mərkəzi, Hidrometeoroloji Tədbirlər Mərkəzi, Texniki xidmət və təsərrüfat Mərkəzi və Cənub, Aran, Qərb, Şimal-Qərb, Şimal-Şərq, Qarabağ, Şirvan Regional Hidrometeorologiya Mərkəzləri, Şahdağ Hidrometeoroloji Tədqiqat Mərkəzi fəaliyyət göstərir.
Haqqımızda