Avqust ayı üçün aqrometeoroloji icmal
Avqust ayı hava şəraiti kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əlverişli keçib. Pambıq əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən ayın birinci ongünlüyündəəksər pambıqçılıq rayonlarında bitkilərdə çiçəkləmə fenoloji mərhələsi davam edib, ikinci və üçüncü ongünlüklərdə ilk qozaların açılması fenoloji mərhələsi qeydə alınıb. Ayın sonlarında bitkilərin hündürlüyü 95-114 sm olub. Tərtərdə 1 pambıq bitkisində formalaşmış qozaların orta sayı 16 ədəd, Goranboyda 13 ədəd, açılmış qozaların orta sayı 3 ədəd təşkil edib, ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı Tərtərdə 737 ədəd olub. Bitkilərin vəziyyəti əsasən yaxşı qiymətləndirilir. Zaqatalada və Balakəndə qarğıdalı bitkisində dənin tam yetişkənliyi və yığımı, tütün bitkisində gövdənin böyüməsi qeydə alınıb. Zaqatalada çay kollarında 5-ci dərəcəli məhsuldar budaqların çıxması müşahidə edilib. Sabirabadda, Yevlaxda və Salyanda pomidor və qarpız bitkisində tam yetişkənlik və yığım, Qubada pomidor bitkisində narıncı yetişkənlik qeydə alınıb. Əksər rayonlarda armud, alma, fındıq ağaclarında, üzüm kollarında meyvələrin yetişməsi və yığımı davam edib. Gəncədə, Cəfərxanda, Tovuzda, Qəbələdə və Şəkidə yonca bitkisində 2-ci biçindən sonra, Zaqatalada 4-cü biçindən sonra otların boy atması qeydə alınıb. Sahələrdə və bağlarda yağıntısız günlərdə alaqvurma, kübrələmə, dərmanlama, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.
Haqqımızda