İyun ayı üçün aqrometeoroloji icmal
İyun ayı respublikanın əksər bölgələrində hava şəraiti yağıntılı keçib ki, buda torpaqda rütubətliyin artması və kənd təsərrüfatı bitkilərinin suya olan tələbatının nisbətən ödənilməsi üçün əlverişli olub. Ay ərzində payızlıq dənli bitkilər əkilmiş sahələrdə aparılmış müşahidələrə əsasən bitkilərdə mum yetişkənliyi və tam yetişkənlik mərhələləri qeydə alınıb, ayın sonlarında əksər taxılçılıq rayonlarında taxılın yığımına başlanıb. Tərtər, Gəncə, Sabirabad və Salyanda pambıq sahələrində bitkilərdə 8-ci yarpağın çıxması, Bərdə, Goranboy və Beyləqanda qönçələnmə, Cəfərxanda çiçəkləmə fenoloji mərhələləri müşahidə edilib. Bitkilərin vəziyyəti əsasən yaxşı qiymətləndirilir. Balakəndə qarğıdalı bitkisində 9-cu, Şəkidə 11-ci, Zaqatalada 21-ci yarpağın çıxması, tütün bitkisində aşağı yarusdakı yarpaqların texniki yetişkənliyi və yığımı, Zaqatalada müşahidə sahəsində çay kollarında yarpaqların 2-ci yığımı qeydə alınıb. Gədəbəydə kartof bitkisində çiçəkləmə, Salyanda və Sabirabadda pomidor bitkisində ilk güllərin tökülməsi, Şəkidə və Acınohurda yaşıl yetişkənlik mərhələsi müşahidə edilib. Əksər aran və dağətəyi rayonlarda armud, albalı, heyva, xurma, qoz, fındıq ağaclarında meyvələrin böyüməsi davam edib, tut, gilas, alça, albalı, ərik kimi meyvə ağaclarında meyvələrin yetişməsi və yığımı qeydə alınıb. Şəkidə və Tovuzda yonca bitkisində 1-ci biçindən sonra çiçəkləmə, Gəncədə, Qəbələdə və Cəfərxanda 1-ci biçindən sonra otların boy atması, Zaqatalada yaşıl kütlənin 2-ci biçini, Ceyrançöldə və Acınohurda yovşan, qırtıc, ceyranotu kimi otlaq bitkilərinin yığımı müşahidə edilib. Sahələrdə və bağlarda yağıntısız günlərdə alaqvurma, kübrələmə, dərmanlama, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.
Haqqımızda