May ayı əsasən yağıntılı hava şəraiti ilə səciyyələnib ki, buda torpaqda rütubətliyin artması, bitkilərin suya olan tələbatının ödənilməsi üçün əlverişli olub, lakin əksər dağətəyi rayonlarda güclü külək və dolu düşməsi yetişmiş və gecyetişən meyvələrin zədələnməsinə və yerə tökülməsinə səbəb olub. Əksər taxılçılıq rayonlarında payızlıq dənli bitkilərdə dənin süd yetişkənliyi mərhələsi davam edib, Cəfərxanda, Bərdədə, Şərurda, Sabirabadda, Goranboyda, Şəkidə, Qəbələdə və Oğuzda dənin mum yetişkənliyi fenoloji mərhələsi qeydə alınıb. Ayın sonlarında aparılmış müşahidələrə əsasən Şəkidə dənli bitkilərin bir sünbülündə sünbülcüklərin cəm sayı 26 ədəd, inkişaf etməmiş sünbülcüklərin orta sayı 4 ədəd, standart nəmliyə gətirilmiş 1000 dənin çəkisi 375 qram, Zaqatalada gövdələrin ümumi sayı 421 ədəd, sünbüllü gövdələrin ümumi sayı 414 ədəd, Tərtərdə gövdələrin ümumi sayı 590 ədəd, sünbüllü gövdələrin ümumi sayı 552 ədəd,1 sünbüldə dənlərin orta sayı 41 ədəd təşkil edib. Beyləqanda, Tərtərdə və Goranboyda pambıq bitkisində 3-cü, Bərdədə, Cəfərxanda və Sabirabadda 5-ci yarpağın çıxması mərhələsi müşahidə edilib. Zaqatalada qarğıdalı bitkisində 5-ci, Şəkidə 7-ci, Balakəndə 9-cu yarpağın çıxması, Zaqatalada çay kollarında ikinci dərəcəli məhsuldar budaqların çıxması, Zaqatalada tütündə 6-cı yarpağın, Balakəndə 7-ci yarpağın və hər tək saylı yarpaqların çıxması qeydə alınıb. Balakəndə bir qarğıdalı bitkisində qıçaların orta sayı 5 ədəd təşkil edib, Cəfərxanda, Sabirabadda və Yevlaxda qarpız və pomidor bitkilərində, Şəkidə və Acınohurda pomidor bitkisində hamaşçiçəklərin çıxması qeydə alınıb. Əksər aran və dağətəyi rayonlarda alma, armud, albalı, heyva, gilas, ərik, alça ağaclarında, meyvələrin böyüməsi davam edib, tut ağaclarında meyvələrin yetişməsi müşahidə edilib. Qəbələdə yonca bitkisində yaşıl kütlənin 1-ci biçini, Cəfərxanda, Şəkidə və Zaqatalada birinci biçindən sonra otların boy atması, Ceyrançöldə və Acınohurda yovşan, qırtıc, ceyranotu kimi otlaq bitkilərində budaqlanma və budaqların boy atması, çiçəkləmə qeydə alınıb. Sahələrdə və bağlarda yağıntısız günlərdə kübrələmə, dərmanlama, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.