Fevral ayı əsasən yağıntılı hava şəraiti ilə səciyyələnib ki, buda kənd təsərrüfatı bitkiləri üçün əlverişli olub. Ayın birinci ongünlüyündə payızlıq dənli bitkilər əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən payızlıq dənli bitkilərdə vegetasiya davam edib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda temperaturun normadan aşağı düşməsi bitkilərdə vegetasiyanın dayanmasına səbəb olub. Ayın ikinci və üçüncü ongünlüklərində temperaturun yüksəlməsi bitkilərdə vegetasiyanı sürətləndirib. Zərdabda, İmişlidə, Gəncədə və Tovuzda payızlıq dənli bitkilərdə 3-cü yarpağın çıxması davam edib, Yevlaxda və Sabirabadda buğda bitkisində buğum köklərin yaranması, Goranboyda, Tərtərdə, Beyləqanda, Qubada, Şəkidə, Oğuzda və Bərdədə kollanma, Cəfərxanda buğumbağlama mərhələsi qeydə alınıb. Kollanma mərhələsində bitkilərin hündürlüyü 25-36 sm olub. Tərtərdə ölçü sahəsinin bir vahidində gövdələrin ümumi sayı 475 ədəd, kollanma dərəcəsi 3,4 %, Bərdədə gövdələrin ümumi sayı 470 ədəd, kollanma dərəcəsi 3,4 %, Goranboyda gövdələrin ümumi sayı 450 ədəd, kollanma dərəcəsi 1,9 %, Zərdabda gövdələrin sayı 316 ədəd təşkil edib. Lənkəranda fındıq ağaclarında tumurcuqların açılması, Tərtərdə ərik, Acınohurda ərik və heyva ağaclarında tumurcuqların şişməsi mərhələsi müşahidə edilib.