Dekabr ayı nisbətən yağıntılı hava şəraiti ilə səciyyələnib ki, buda kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əlverişli olub. Ayın birinci və ikinci dekadaları ərzində payızlıq dənli bitkilər əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Zərdabda buğdanın səpini aparılmış, Şərurda, Tovuzda, İmişlidə bitkilərdə cücərmə, Goranboyda, Tərtərdə, Gəncədə, Oğuzda, Şamaxıda, Cəfərxanda arpa və buğda bitkilərində göyərmə, Bərdədə, Beyləqanda, Sabirabadda, İsmayıllıda, Zaqatalada, Qəbələdə və Şəkidə 3-cü yarpağın çıxması, Qubada buğum köklərin yaranması mərhələsi qeydə alınmışdır. Ölçü sahəsinin bir vahidində Şəkidə, Qəbələdə və Zaqatalada bitkilərin orta sayı 140-155 ədəd təşkil edib. Bağlarda xurma, alma, armud, nar, heyva, qoz ağaclarında meyvələrin yetişməsi və yığımı davam edib, yarpaqların payız saralması və xəzan qeydə alınıb. Lənkəranda çay kollarında və feyxoa, naringi kimi sitrus bitkilərində payızda boy atmasının dayanması müşahidə edilib. Ayin sonlarında aran rayonlarında payızlıq dənli bitkilərdə vegetasiya davam edib, əksər ərazilərdə bitkilərdə göyərmə, Bərdədə və Sabirabadda 3-cü yarpağın çıxması, Beyləqanda buğum köklərin yaranması qeydə alınıb. Şəki-Zaqatala bölgəsində, eləcədə digər dağətəyi rayonlarda temperaturun normadan aşağı düşməsi payızlıq dənli bitkilərdə vegetasiyanın dayanmasına səbəb olub.