İyul ayı üzrə aqrometeoroloji icmal
İyul ayı isti və əsasən az yağıntılı hava şəraiti ilə səciyyələnmişdir, buda torpaqda rütubətliyin nisbətən azalmasına, kənd təsərrüfatı bitkilərinin əlavə suvarılmasına ehtiyac yaratmışdır. Taxıl sahələrində aparılmış fenoloji müşahidələrə əsasən əksər taxılçılıq rayonlarında ayın 1-ci və 2-ci ongünlüklərində payızlıq dənli bitkilərdə məhsul yığımı başa çatıb, İmişlidə, İsmayıllıda, Qubada və Şamaxıda tam yetişkənlik mərhələsi və yığım qeydə alınıb. Pambıq əkilmiş sahələrdə bitkilərdə çiçəkləmə fenoloji mərhələsi davam edib, Bərdədə, Tərtərdə və Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 3-5 ədəd təşkil edib. Ayın sonlarında bitkilərin hündürlüyü 96-114 sm olub. Aran və dağətəyi rayonlarda nar, xurma, heyva, qoz, fındıq ağaclarında meyvələrin böyüməsi, alça, ərik, gilas, albalı və tut ağaclarında meyvələrin yetişməsi və məhsul yığımı davam edib. Şəkidə və Qubada pomidor bitkisində narıncı yetişkənlik, Acınohurda, Lənkəranda və Sabirabadda tam yetişkənlik və yığım qeydə alınıb. Gədəbəydə kartof bitkisində üst hissənin solması, Qubada məhsul yığımı müşahidə edilib. Balakəndə qarğıdalıda qıçanın çiçəkləməsi, dənin süd yetişkənliyi, tütün bitkisində orta yarusdakı yarpaqların texniki yetişkənliyi və yarpaqların yığımı, Lənkəranda çay kollarında 2-ci dərəcəli məhsuldar budaqların çıxması və yarpaqların yığımı, naringi, feyxoa kimi sitrus bitkilərində yay durğunluğu dövrünün başlanması müşahidə edilib. Şəkidə kələm bitkisində baş bağlama mərhələsi davam edib, Acınohurda texniki yetişkənlik qeydə alınıb. Tovuzda, Gəncədə, Şəkidə, Qəbələdə yonca bitkisində 2-ci biçindən sonra otların boy atması, Cəfərxanda yaşıl kütlənin 3-cü biçini müşahidə edilib. Acınohurda və Ceyrançöldə otlaq bitkilərinin biçilib qurudulması qeydə alınıb. Yağıntısız günlərdə sahələrdə və bağlarda zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama, alaq etmə, budama, cərgələr arası torpağın yumşaldılması, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.