İyun ayı hava şəraiti kənd təsərrüfatı bitkiləri üçün əlverişli olub, temperaturun norma daxilində olması bitkilərin növbəti fenoloji mərhələyə keçməsini təmin edib. Ayın 1-ci və 2-ci ongünlükləri Respublikanın əksər ərazilərində yağıntılı, 3-cü ongünlüyü isə az yağıntılı hava şəraiti ilə səciyyələnib. Taxıl sahələrində aparılmış fenoloji müşahidələrə əsasən payızlıq dənli bitkilərdə məhsul yığımı davam edib, İsmayıllı və Şamaxıda tam yetişkənlik mərhələsi qeydə alınıb. Pambıq əkilmiş sahələrdə Gəncədə və Tərtərdə 8-ci yarpağın açılması, Bərdədə, Goranboyda, Sabirabadda və Beyləqanda bitkilərdə qönçələnmə, Cəfərxanda çiçəkləmə fenoloji mərhələsi müşahidə edilib. Aran və dağətəyi rayonlarda nar, xurma, heyva, qoz, fındıq ağaclarında meyvələrin böyüməsi davam edib, alça, ərik, gilas, albalı və tut ağaclarında meyvələrin yetişməsi və məhsul yığımı davam edib. Şəkidə, Acınohurda və Lənkəranda pomidor bitkisində yaşıl, Sabirabadda narıncı yetişkənlik, Qubada ilk güllərin tökülməsi, Cəfərxanda çiçəkləmə mərhələsi qeydə alınıb, Sabirabadda qarpız bitkisində meyvələrin yetişməsi, Gədəbəydə kartof bitkisində çiçəkləmənin sonu, Qubada üst hissənin solması mərhələsi müşahidə edilib. Şəkidə və Balakəndə qarğıdalıda 9-11-ci yarpağın açılması, tütün bitkisində Balakəndə aşağı yarusdakı yarpaqların texniki yetişkənliyi və yarpaqların yığımı qeydə alınıb. Tovuzda, Gəncədə, Şəkidə, Qəbələdə yonca bitkisində 1-ci, Cəfərxanda 2-ci biçindən sonra otların boy atması müşahidə edilib. Acınohurda və Ceyrançöldə otlaq bitkilərinin biçilib qurudulması qeydə alınıb. Yağıntısız günlərdə sahələrdə və bağlarda zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama, alaq etmə, budama, cərgələr arası torpağın yumşaldılması, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.