Respublikanın əksər bölgələrində aprel ayının birinci ongünlüyündə nisbətən yağıntılı  və qeyri-sabit hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 5-6 ⁰C,  ötən ilin göstəriciləri ilə müqayisədə isə 2-3 ⁰C yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə  10,6 ⁰C,  Qubada və Dağlıq Şirvan bölgəsində 13-14 ⁰C, Maştağada, Tovuzda, Ceyrançöldə və Şəki-Zaqatala  bölgəsində 14-15 ⁰C,  Mil Muğanda, Bərdə-Tərtərdə, Mərkəzi Aranda, Lənkəran-Astarada və Gəncə-Goranboyda 16-17 ⁰C, Ordubad və Şərurda 15-18 ⁰C qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 4 ⁰C, Qubada 2 ⁰C, İsmayıllıda 3 ⁰C, Maştağada, Tovuzda, Şamaxıda, Şəkidə 7 ⁰C , Acınohurda və Ceyrançöldə 6 ⁰C, Cəfərxanda və Balakəndə 8 ⁰C, Göyçayda, Gəncədə, Oğuzda və Qəbələdə 9 ⁰C, Bərdədə və Zərdabda 10 ⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Qubada 3 ⁰C, Şərurda, Ordubadda, Maştağada, Ceyrançöldə və Tovuzda 5 ⁰C, Şəkidə, Gəncədə və Cəfərxanda 6 ⁰C, Göyçayda 8 ⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Göyçayda, Lənkəranda və Naxçıvanda 14 ⁰C, Qubada və Şəkidə 12 ⁰C, Gəncədə 17 ⁰C, 20 sm dərinlikdə temperaturu Gəncədə 16 ⁰C, Qubada 12 ⁰C, Şəkidə və Lənkəranda 13 ⁰C, Göyçayda 16 ⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 3%, Şəkidə 27%, Gəncədə 15%, Naxçıvanda, 25%, Lənkəranda 54%, Qubada 14%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 33%, Göyçayda 14%, Gəncədə 17%, Naxçıvanda 30%, Lənkəranda 63%, Qubada 25%-ə qədər müşahidə edilib.

Yağıntının dekadalıq miqdarı ən çox Şəkidə 20mm, Balakəndə 18mm, Gədəbəydə 13mm, Lənkəranda 11mm, Gəncədə, Tovuzda və Ceyrançöldə 9mm qeydə alınıb.


Rütubət çatışmazlığı Maştağada, Lənkəranda, Qubada, Tovuzda və Ceyrançöldə 5hPa, Dağlıq Şirvanda 6hPa, Şərur və Ordubadda 7-13hPa, Gəncə-Goranboyda və Bərdə- Tərtərdə, 7-8hPa, Mil-Muğanda və Mərkəzi Aranda 7-9hPa, Şəki-Zaqatala bölgəsində 6-8hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 61-72%, Dağlıq Şirvanda 67%, Maştağada 76%, Mərkəzi Aranda 63-68%, Bərdə-Tərtərdə 63-66%, Gəncədə və Şəmkirdə 67-69%, Qazax-Tovuzda 69-74%, Lənkəran-Astara bölgəsində 76-86%, Qubada 74%, Şəki-Zaqatalada 59-72%, Şərur və Ordubadda 45-62% təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı Ordubadda 5 gün, Qəbələdə və Oğuzda 4 gün, Zərdabda 3 gün, Cəfərxanda 2 gün, Qubada, İsmayıllıda və Şəkidə 1 gün qeydə alınıb.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 6 gün Şəkidə (maksimum sürət 20 m/san), 5 gün Tərtərdə (maksimum sürət 20 m/san), 3 gün İsmayıllıda (maksimum sürət 22 m/san), Sabirabadda (maksimum sürət 20 m/san), 2 gün Maştağada (maksimum sürət 26 m/san), Gəncədə və Zərdabda (maksimum sürət 18 m/san), 1 gün Qəbələdə (maksimum sürət 28 m/san), Göyçayda ( maksimum sürət 22 m/san), Bərdə, Cəfərxan və Şərurda (maksimum sürət 20 m/san), Şamaxıda ( maksimum sürət 18 m/san) təşkil edib.


Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Aprel ayının birinci ongünlüyündə hava şəraiti kənd təsərrüfatı bitkilərinin növbəti mərhələyə keçməsi üçün əlverişli olub. Sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən payızlıq dənli bitkilərdə buğum bağlama mərhələsi davam edib, Sabirabad, Cəfərxan, Şəki və Beyləqanda gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsi qeydə alınıb. Dekadanın sonlarında bitkilərin hündürlüyü 49-65 sm olub. Aran və dağətəyi rayonlarda alça, ərik, albalı, gilas kimi meyvə ağaclarında çiçəkləmə, çiçəkləmənin sonu, birinci yarpağın çıxması, heyva, nar, xurma, qoz, fındıq, badam ağaclarında tumurcuqların açılması, ilk yarpaqların açılması, Beyləqanda və Zərdabda alça ağaclarında meyvələrin böyüməsi fenoloji mərhələsi müşahidə edilib. Şəki və Göyçayda tut ağaclarında beşinci yarpağın açılması, Lənkəranda üzüm kollarında üçüncü yarpağın açılması, Gəncədə şirə dövranının başlanması qeydə alınıb. Cəfərxan, Şəki, Qəbələdə yonca bitkisində gövdənin böyüməsi, yan budaqların çıxması, Acınohurda və Ceyrançöldə otlaq bitkilərində yaz vegetasiyasının başlanması, budaqlanma və budaqların boy atması mərhələsi müşahidə edilib. Pambıq əkiləcək sahələrdə malalama ilə şumlama, əkin qabağı suvarma, bağlarda üzüm kollarının yuxarı hissəsinin halqalama üsulu ilə bağlanması, bitkilərin dibinin cərgələr arası yumşaldılması, zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama kimi kənd təsərrüfatı işləri görülüb.


Respublikanın əksər bölgələrində aprel ayının ikinci ongünlüyündə yağıntılı və qeyri-sabit hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından      1-2 ⁰C,  ötən ilin göstəriciləri ilə müqayisədə isə 5-6 ⁰C aşağı olması ilə səciyyələnib.

Havanın dekadalıq orta temperaturu Gədəbəydə 4,7 ⁰C,  Qubada və Dağlıq Şirvan bölgəsində 8-9 ⁰C, Maştağada, Tovuzda, Ceyrançöldə 9-10 ⁰C,  Mil Muğanda, Bərdə-Tərtərdə, Mərkəzi Aranda, Lənkəran-Astarada, Şərurda, Ordubadda və Gəncə-Goranboyda 11-12 ⁰C, Şəki-Zaqatala bölgəsində 9-11 ⁰C qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə -1 ⁰C, Qubada və İsmayıllıda 1 ⁰C, Şamaxıda 2 ⁰C, Ceyrançöldə 3 ⁰C, Maştağada, Gəncədə, Tovuzda, Cəfərxanda və Şəki-Zaqatala bölgəsində 4-5 ⁰C , Bərdədə 6 ⁰C, Zərdabda 7 ⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Qubada -0,3 ⁰C, Tovuzda 1 ⁰C, Cəfərxanda, Şərurda, Ceyrançöldə və Gəncədə 2 ⁰C, Maştağada 3 ⁰C, Şəkidə 4 ⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Göyçayda 11 ⁰C, Qubada 8 ⁰C, Şəkidə 10⁰, Lənkəranda 13 ⁰C, Gəncədə və Naxçıvanda 14 ⁰C, 20 sm dərinlikdə temperaturu Gəncədə 14 ⁰C, Qubada 8 ⁰C, Şəkidə 11 ⁰C, Göyçayda və Lənkəranda 13 ⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 5%, Şəkidə və Gəncədə 40%, Naxçıvanda 25%, Lənkəranda 62%, Qubada 16%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 42%, Göyçayda 22%, Gəncədə 44%, Naxçıvanda 30%, Lənkəranda 68%, Qubada 28%-ə qədər müşahidə edilib.

Yağıntının dekadalıq miqdarı ən çox Qubada 128mm, Qəbələdə 109 mm, Oğuzda 104 mm, Qazaxda 78 mm, Şəkidə 76 mm, Mil-Muğanda 52-75 mm, İsmayıllıda 70 mm, Şamaxıda və Tovuzda 59 mm, Zərdabda 61 mm, Maştağada 56 mm, Gəncə-Goranboyda 48-55 mm, Lənkəranda 46 mm, Bərdə-Tərtərdə 46-61 mm, Gədəbəydə 41 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Maştağada, Lənkəranda, Qubada, İsmayıllıda, Tovuzda və Gəncədə 3 hPa, Dağlıq Şirvanda və Gədəbəydə 2 hPa, Bərdə-Tərtərdə, Zərdabda və Şəmkirdə 4 hPa, Şəki-Zaqatalada 2-4 hPa, Mil-Muğanda 3-5 hPa, Şərur və Ordubadda 7-8 hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 68-82%, Dağlıq Şirvanda və Maştağada 79- 80%, Mərkəzi Aranda 78%, Bərdə-Tərtərdə 76-79%, Gəncədə və Şəmkirdə 76-83%, Qazax-Tovuzda 71-79%, Lənkəran-Astara bölgəsində 84%, Qubada 79%, Şəki-Zaqatalada 77-80%, Şərur və Ordubadda 55-57% təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı Ordubadda və Naxçıvanda 5 gün qeydə alınıb.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 5 gün Maştağada (maksimum sürət 30 m/san), 3 gün Goranboyda (maksimum sürət 23 m/san), 2 gün Şamaxıda (maksimum sürət 22 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Aprel ayının ikinci ongünlüyündə yağıntılı hava şəraiti qeydə alınıb, bu da torpaqda rütubətliliyi artırıb, kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını nisbətən təmin edib. Sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən payızlıq dənli bitkilərdə buğum bağlama və gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsi davam edib, Sabirabadda arpa bitkisində sünbülləmə mərhələsi qeydə alınıb. Dekadanın sonlarında bitkilərin hündürlüyü 68-72 sm olub. Dənli bitkilərdə 1m2 sahədə gövdələrin ümumi sayı Goranboyda 547, Tərtərdə 521, Bərdədə 494 ədəd, Şəkidə bitkilərin bir sünbülündə sünbülcüklərin cəm sayı 15 ədəd təşkil edib. Aran və dağətəyi rayonlarda alça, ərik, albalı, gilas kimi meyvə ağaclarında meyvələrin böyüməsi, birinci yarpağın açılması, heyva, nar, xurma, qoz ağaclarında ilk yarpaqların açılması fenoloji mərhələsi müşahidə edilib. Şəki və Göyçayda tut ağaclarında beşinci, onuncu yarpaqların açılması, Lənkəranda çay kollarında tumurcuqların açılması, Şamaxıda üzüm kollarında gözcüklərin, Gəncədə birinci yarpağın açılması qeydə alınıb. Sabirabadda pambıq əkiləcək sahələrdə səpin işləri aparılıb, Beyləqan və Gəncədə çiyidin cücərməsi müşahidə edilib. Cəfərxan, Şəki, Qəbələdə yonca bitkisində gövdənin böyüməsi, yan budaqların və hamaşçiçəklərin çıxması, Acınohurda və Ceyrançöldə otlaq bitkilərində yaz vegetasiyasının başlanması, budaqlanma və budaqların boy atması mərhələsi qeydə alınıb.