Mart ayı üzrə Aqrometeoroloji icmal
Mart ayında Respublikanın əksər bölgələrində nisbətən yağıntılı hava şəraiti müşahidə edilib, buda kənd təsərrüfatı bitkilərinin növbəti fenoloji mərhələyə keçməsi üçün əlverişli şərait yaradıb. Sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən ayın birinci ongünlüyündə əksər aran və dağətəyi rayonlarda payızlıq dənli bitkilərdə kollanma, Göyçayda buğum köklərin yaranması, Sabirabadda buğum bağlama mərhələləri müşahidə edilib. Göyçayda dənli bitkilərdə 1m2 sahədə gövdələrin ümumi sayı 346, Şəkidə 335 ədəd təşkil edib, bitkilərdə kollanma dərəcəsi 2,4% olub. Aran rayonlarında alça, ərik, gilas, heyva kimi bitkilərdə tumurcuqların şişməsi, Lənkəranda üzüm kollarında şirə dövranının başlanması fenoloji mərhələsi müşahidə edilib. Goranboyda pambıq bitkisi əkiləcək sahələrdə şumlama işləri aparılıb. Bitkilərin vəziyyəti yaxşı qiymətləndirilir.
Ayın ikinci və üçüncü ongünlüklərində payızlıq dənli bitkilərdə kollanma mərhələsi davam edib, Oğuz və Şamaxıda buğum köklərin yaranması, Gəncə və Tovuzda 3-cü yarpağın çıxması mərhələsi müşahidə edilib. Bərdə, Tərtər, Goranboy, Şəki və Cəfərxanda buğum bağlama, Sabirabad və Beyləqanda gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsi qeydə alınıb. Ayın sonlarında bitkilərin hündürlüyü 30-32 sm olub. Aran və dağətəyi rayonlarda albalı, alça, ərik, gilas kimi meyvə ağaclarında çiçəkləmə və çiçəkləmənin sonu, heyva, nar, xurma, qoz, fındıq, badam ağaclarında tumurcuqların şişməsi və açılması, ilk yarpaqların açılması fenoloji mərhələsi müşahidə edilib. Cəfərxan, Şəki, Qəbələdə yonca bitkisində gövdənin böyüməsi, yan budaqların çıxması, Acınohurda ceyranotu, yovşan kimi otlaq bitkilərində yaz vegetasiyasının başlanması qeydə alınıb. Yağıntısız günlərdə sahələrdə və bağlarda üzüm kollarının yuxarı hissəsinin halqalama üsulu ilə bağlanması, bitkilərin dibinin cərgələr arası yumşaldılması, zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama kimi kənd təsərrüfatı işləri görülüb.