Respublikanın əksər bölgələrində mart ayı yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 2-3ºC yüksək olması ilə səciyyələnib.

Əksər bölgələrimizdə ay ərzində yağıntılı hava şəraiti bitkilərin suya olan tələbatını nisbətən ödəyib, bitkilərin növbəti mərhələyə keçməsi üçün əlverişli olub. Aparılmış fenoloji müşahidələrə əsasən əksər taxılçılıq rayonlarında payızlıq dənli bitkilərdə kollanma və buğum bağlama mərhələləri davam edib, Beyləqanda gövdəninii aşağı buğumunun yer səthinə çıxması qeydə alınıb. Dekadanın sonunda bitkilərin hündürlüyü 29-36 sm olub.

Acınohurda, Beyləqanda, Göyçayda və Zərdabda alça, ərik, tut, heyva, armud və gilas ağaclarında tumurcuqların şişməsi, Lənkəranda üzüm bitkisində birinci yarpağın açılması mərhələsi qeydə alınıb.
Cəfərxanda yonca bitkisində yan budaqların çıxması, gövdənin böyüməsi müşahidə edilib.

Ayın sonlarında Şəkidə və Qubada kollanma, Beyləqan,Cəfərxan, Sabirabad və Biləsuvarda gövdənin aşağı buğumunun yer səthinə çıxması, digər taxılçılıq rayonlarında isə buğum bağlama fenoloji mərhələsi müşahidə edilib. Buğum bağlama mərhələsində bitkilərin hündürlüyü 32-43 sm, gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsində 39-58 sm təşkil edib.

Əksər aran və dağətəyi rayonlarda alma, fındıq, ərik, albalı,əncir, tut kimi ağaclarda 1-ci və 3-cü yarpaqların açılması, ərik,albalı, gilas və alça bitkilərində çiçəkləmə, çiçəkləmənin sonu,Lənkəran və Gəncədə üzüm kollarında şirə dövranının başlanması və gözcüklərin açılması, Lənkəranda çay kollarında 1-ci yarpağın çıxması mərhələsi müşahidə edilib. Cəfərxan,Gəncə, Şəki və Qəbələdə yonca bitkisində gövdənin böyüməsi, Zaqatalada hamaşçiçəklərin yaranması davam edib.