Respublikanın əksər bölgələrində ayın birinci və üçüncü ongünlüklərində aparılmış fenoloji müşahidələrə əsasən əksər aran və dağətəyi rayonlarda temperaturun normadan yüksək olması payızlıq dənli bitkilər üçün əlverişsiz olmuş, sahələrin təkrar suvarılmasına ehtiyac yaratmışdır. Bitkilərdə göyərmə mərhələsi davam edib, Zaqatalada, Oğuzda,Qubada,Beyləqanda və İmişlidə üçüncü yarpağın çıxması, Şəkidə buğum köklərin yaranması, Cəfərxanda və Göyçayda arpada kollanma fenoloji mərhələləri qeydə alınıb.Şəkidə ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 150-155 ədəd, Göyçayda gövdələrin ümümi sayı 648 ədəd, bitkilərin orta boyu 21-22 sm təşkil edib. Dekada ərzində ziyanvericilərə qarşı mübarizə məqsədi ilə dərmanlama və suvarma kimi aqrotexniki tədbirlər aparılıb.
  Ayın ikinci ongünlüyündə əksər aran və dağətəyi rayonlarda yağıntılı hava şəraiti torpağın nəmliyini artırıb, payızlıq dənli bitkilərin vegetasiyası və növbəti fazaya keçidi üçün əlverişli olub. Zərdabda, Zaqatalada, və Bərdədə göyərmiş bitkilərdə üçüncü yarpağın çıxması, Şəkidə, Beyləqanda və İmişlidə buğum köklərin yaranması, Cəfərxanda, Sabirabadda, Göyçayda,İsmayıllıda və Oğuzda kollanma fenoloji mərhələləri qeydə alınıb.
 Lənkəran-Astara bölgəsində feyxoa və naringi kimi sitrus bitkilərində və çay kollarında payızda boyatmanın dayanması qeydə alınıb.
  Gəncədə yonca sahələrində aparılmış dördüncü biçindən sonra otların yenidən boyatması, Ceyrançöldə yovşanda çiçəkləmə mərhələləri qeydə alınıb.
  Ay ərzində bağlarda meyvə ağaclarında yarpaqların payız saralması və xəzan davam edib.