Noyabr ayının ilk ongünlüyündə Respublikanın əksər taxılçılıq rayonlarında payızlıq dənli bitkilərin səpini aparılıb. Lakin havanın orta temperaturunun çoxillik normadan 4-50 C yüksək olması və az yağıntılı hava şəraiti payızlıq taxıl əkinləri üçün əlverişsiz olmuş, bitkilərin əlavə suvarılmasına ehtiyac yaratmışdır.

Aparılmış fenoloji müşahidələrə əsasən əksər aran və dağətəyi rayonlarda payızlıq dənli bitkilərdə cücərmə və göyərmə mərhələləri davam edib, Şəkidə, Oğuzda, İsmayıllıda, Cəfərxanda və Sabirabadda üçüncü yarpağın çıxması, Göyçayda buğum köklərinin yaranması və kollanma, Qubada buğum köklərinin yaranması fenoloji mərhələləri qeydə alınıb. Şəkidə ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 149-154 ədəd, bitkilərin orta boyu 14-15 sm təşkil edib. Ayın sonlarında ziyanvericilərə qarşı mübarizə məqsədi ilə dərmanlama və suvarma işləri aparılıb.

Ay ərzində rayonlarda alma, heyva, nar, xurmanın yetişməsi qeydə alınıb və hava şəraiti uyğun olan günlərdə məhsul yığımı aparılıb. Zaqatalada tütün bitkisində yarpaqların yığımı, çay kollarında toxumun yetişməsi fenoloji mərhələsi qeydə alınıb.
Bağlarda meyvə ağaclarında yarpaqların payız saralması və xəzan davam edib.