İyul ayı respublikanın əksər bölgələrində hava şəraiti yağıntılı keçib, havanın orta temperaturu birinci və üçüncü ongünlükdə çoxillik iqlim normadan 2-3ºC yuxarı, ikinci ongünlükdə isə çoxillik iqlim norma daxilində olması ilə səciyyələnib.
Ay ərzində payızlıq dənli bitkilərdə Şəki, Qəbələ, Şamaxı, İsmayıllı, Tovuz və Gəncədə sahələrdə dənin tam yetişkənliyi, məhsul yığımı qeydə alınıb.
Pambıq sahələrində bitkilər üzərində aparılmış fenoloji müşahidələrə əsasən Cəfərxan, Bərdə, Tərtər, Goranboyda ilk qozaların formalaşması mərhələsi davam edib, bir pambığ bitkisində formalaşmış qozaların sayı 42-46 ədəddir. Dekadanın sonunda bitkinin hündürlüyü 84-101 sm qeydə alınıb
Əksər aran və dağətəyi rayonlarda alça, ərik, gilas, tut, albalı, əncir ağaclarında meyvələrdə məhsul yığımı davam edib, Şəki-Zaqatala bölgəsində çay kollarında 4-cü dərəcəli məhsuldar budaqların çıxması, qarğıdalıda dənin süd yetişkənliyi, tütün bitkisində orta yarusdakı yarpaqların texniki yetişkənliyi fenoloji mərhələləri müşahidə edilib. Bostan-tərəvəz sahələrində aparılmış müşahidələrə əsasən Qubada pomidor bitkilərinin narıncı yetişkənliyi, Şəki. Acınohur və Sabirabadda məhsul yığımı, Gədəbəy və Qubada kartofda üst hissənin solması, Şəkidə kələmdə, Sabirabadda qarpız bitkisində məhsul yığımı qeydə alınıb. Zaqatalada yonca əkilmiş sahələrdə yaşıl kütlənin 3-cü biçini, Cəfərxanda 3-cü, Şəkidə və Gəncədə 2-ci biçindən sonra otların boyatması, Beyləqan və Tovuzda 1-ci biçindən sonra hamaşçiçəklərin çıxması mərhələləri müşahidə edilib.
Göyçayda xurma ağaclarında yarpaqların ziyanvericilər tərəfindən zədələnməsi, Qəbələdə quru və güclü küləklər nəticəsində alma ağaclarında aşağı hissənin vaxtından qabaq saralması və yarpaqların qırılıb tökülməsi qeydə alınıb.
Dekada ərzində pambıq bitkisində Tərtərdə suvarma, Cəfərxanda bitkinin budanması, Beyləqanda isə sahələrdə xəstəlik və ziyanvericilərlə mübarizə aparmaq üçün zəhərli kimyəvi maddələrlə dərmanlama kimi aqrotexniki tədbirlər aparılıb.