Respublikanın əksər taxılçılıq rayonlarında yanvar - fevral aylarında qeydə alınmış şaxtalar payızlıq dənli bitkilərdə vegetasiyanın dayanmasına səbəb olmuş, xəstəlik və zərərvericilərin azalması, məhv olması üçün əlverişli şərait yaratmışdır. Şaxtasız günlərdə vegetasiya yenidən bərpa olunmuşdur və payızlıq dənli bitkilərdə 3-cü yarpağın çıxması, buğum köklərinin yaranması, kollanma mərhələləri, mart ayında isə buğum bağlama, gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələləri qeydə alınmışdır. Buğum bağlama mərhələsində bitkilərin hündürlüyü 31 - 42 sm, gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsində 38 - 59 sm təşkil etmişdir.

Mart ayında aran və dağətəyi rayonlarda alça, albalı, alma, armud, şaftalı, fındıq, tut, ərik, əncir ağaclarında tumurcuqların şişməsi, birinci və üçüncü yarpaqların açılması, ərik, albalı, gilas və alça ağaclarında çiçəklənmə, çiçəklənmənin sonu, üzüm tənəklərində şirə dövranının başlanması və gözcüklərin açılması, Lənkəranda və Zaqatalada çay kollarının formalaşması və birinci yarpağın çıxması mərhələləri müşahidə edilmişdir. Otlaq bitkilərində yaz vegetasiyasının başlanması, gövdələrin böyüməsi, yan budaqların çıxması, hamaşçiçəklərin yaranması qeydə alınmışdır.

Uyğun hava şəraiti müşahidə olunan günlərdə təsərrüfat sahələrində budama, dərmanlama, gübrələmə aqrotexniki tədbirləri görülmüş, əkiləcək tərəvəz, qarğıdalı, günəbaxan, pambıq bitkiləri üçün sahələrin şumlanması və əkinə hazırlanması baş tutmuşdur.