Respublikanın əksər bölgələrində aprel ayı nisbətən yağıntılı keçib. Havanın orta temperaturu aylıq iqlim normasından 2-3ºC yüksək olması ilə səciyyələnib ki, belə hava şəraiti kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əlverişli olub.
  Ay ərzində payızlıq dənli bitkilərdə gövdənin aşağı buğumunun yer səthinə çıxması və sünbülləmə mərhələləri qeydə alınıb, ayın ikinci ongünlüyündə bəzi aran rayonlarında çiyid səpini baş tutub. Üçüncü ongünlükdə İsmayıllı, Şamaxı və Qəbələdə payızlıq dənli bitkilərdə gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsi davam edib, Zərdab, Tərtər, Goranboy, Gəncə,Yardımlı, Şəki, Zaqatala və Oğuzda sünbülləmə, Cəfərxan, Beyləqan, Sabirabad, Göyçay, Bərdədə çiçəkləmə, Biləsuvarda buğda, Sabirabadda arpa bitkilərində dənin süd yetişkənliyi fenoloji mərhələləri müşahidə edilib.Dənli bitkilərdə 1 m2 sahədə gövdələrin ümumi sayı Zərdab, Tərtər, Bərdə, Göyçay, Zaqatala, Şəkidə 421-705 ədəd, sünbüllü gövdələrin sayı 580-680 ədəd təşkil edib. Dənli bitkilərin bir sünbülündə sünbülçüklərin cəm sayı Şəkidə 32, inkişaf etməmiş sünbülçüklərin orta sayı 4 ədəd, Göyçayda bir sünbüldə sünbülçüklərin cəm sayı 15, inkişaf etməmiş sünbülçüklərin orta sayı 2 ədəd, Zərdabda bir sünbüldə sünbülçüklərin cəm sayı 17, inkişaf etməmiş sünbülçüklərin orta sayı 9 ədəd, Yardımlıda bir sünbüldə sünbülçüklərin cəm sayı 22, inkişaf etməmiş sünbülçüklərin orta sayı 2 ədəd qeydə alınıb. Çiçəkləmə mərhələsində bitkilərin orta hündürlüyü 100-104 sm təşkil edib.
  Beyləqan, Tərtər, Gəncədə pambıq əkiləçək sahələrdə çiyid səpini davam edib, Bərdə, Sabirabad, Goranboyda çiyidin cücərməsi, Cəfərxanda göyərmə, ilk yarpaqların açılması mərhələləri müşahidə edilib. Əksər rayonlarda ərik, alça, albalı, gilas, heyva kimi ağaclarda meyvələrin böyüməsi, narda qönçələnmə, tutda 5-ci və 10-cu yarpaqların çıxması mərhələsi davam edib. Cənub bölgəsində naringidə çiçəklənmə, feyxoada qönçələnmə, Zaqatalada çay kollarında 1-ci dərəcəli məhsuldar budaqların çıxması qeydə alınıb. Hava şəraiti bostan və tərəvəz bitkilərinin əkini üçün əlverişli olub. Cəfərxan və Sabirabadda qarpız bitkisində göyərmə, Lənkəranda pomidor, Acınohurda kələm şitillərinin torpağa basdırılması, Sabirabadda pomidorda göyərmə, Acınohurda yan budaqların çıxması, Qubada kartof bitkisində göyərmə mərhələsi qeydə alınıb. Şəki, Balakən və Zaqatalada qarğıdalının səpini müşahidə edilib. Cəfərxanda yonca bitkisində 1-ci biçindən sonra otların boy atması, Zaqatalada yaşıl kütlənin 1-ci biçini davam edib.
  Aprel ayının sonunda Şəki, Zaqatala, Oğuz, Gədəbəy, Tərtər, Goranboy, Lənkəranın bəzi ərazilərinə dolu düşməsi nəticəsində bir sıra kənd təsərrüfatı sahələrinə ciddi zərər dəyib.