Respublikanın əksər bölgələrində iyul ayı havanın orta temperaturunun çoxillik iqlim normasından yuxarı və yağıntılı hava şəraiti ilə səciyyələnmişdir ki, bu da kənd təsərrüfatı bitkiləri üçün əlverişli olmuşdur.
  Ay ərzində pambıq bitkisində Gəncə, Bərdə və Goranboyda qönçələmə, Cəfərxan, Sabirabad, Tərtər və İmişlidə 8-ci əsl yarpağın çıxması, çiçəkləmə, ilk qozaların açılması fenoloji mərhələləri müşahidə edilmişdir. Bəzi günlərdə yağıntısız və isti hava şəraiti bitkilərdə əlavə suvarmaya ehtiyac yaratmışdır. Çiçəkləmə mərhələsində bitkilərin boyu 77-90 sm təşkil etmişdir.
  Əksər aran və dağətəyi rayonlarda gilas, tut, alça, gavalı, ərik, albalı ağaclarında meyvələrin yığımı davam etmiş, Göyçayda əncir bitkisində meyvələrin yetişməsi, həmçinin bir çox ağaclarda 2-ci boy atma mərhələsi qeydə alınmışdır. Zaqatalada çay kollarında yarpaqların 3-cü yığımı başlamış, Şəkidə qarğıdalı bitkisində 17-ci əsl yarpağın çıxması, Balakəndə süpürgəciyin çiçəkləməsi, süd yetişkənliyi, Zaqatalada tütün bitkisində gövdənin böyüməsi, Balakəndə isə aşağı yarusdakı yarpaqların texniki yetişkənliyi və yığımı müşahidə edilmişdir.
  Cəfərxan və Sabirabadda qarpız bitkisində çiçəkləmə, məhsulun yetişməsi və yığımı, Cəfərxanda qabaq bitkisində qönçələmə fenoloji mərhələsi, Şəkidə, Acınohurda, Quba, Sabirabadda pomidor bitkisində yaşıl, narıncı, tam yetişkənlik mərhələlərii müşahidə edilmişdir. Lənkəran-Astara bölgəsində naringi, feyxoa bitkilərində yay durğunluğu dövrünün başlanması qeydə alınmışdır. Şəki, Zaqatala, Tovuz və Gəncədə yonca bitkisində 2-ci biçindən, Cəfərxanda 3-cü biçindən sonra otların boy atması mərhələsi müşahidə edilmişdir. Ceyrançöl və Acınohurda sahələrdə yovşan, qırtıc və ceyranotu kimi otlaq bitkilərində budaqlaşma, boy atma və quruma müşahidə edilmişdir.