Respublikanın əksər bölgələrində aprel ayı havanın orta temperaturunun çoxillik iqlim normasından 3-4°C yüksək və az yağıntılı hava şəraiti ilə səciyyələnmişdir.
Ay ərzində havanın orta temperaturunun çoxillik iqlim normasından yüksək olması bitkilərin inkişafı üçün əlverişli olmuş, lakin yağıntısız hava şəraiti əlavə suvarmaya ehtiyac yaratmışdır. Bərdə, Gəncə,Yardımlı,Oğuz, İsmayıllı və Mərəzədə gövdənin aşağı buğumunun yer səthinə çıxması fenoloji mərhələsi davam etmiş, İmişli, Cəfərxan, Beyləqan, Zərdab, Göyçay, Biləsuvar, Goranboy,Tərtər, Şəki, Zaqatalada sünbülləmə, Sabirabad və Göytəpədə çiçəkləmə mərhələləri qeydə alınmışdır. Sünbülləmə mərhələsində ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 960-1000 ədəd, 1 m2 sahədə gövdələrin ümumi sayı 400-606, sünbüllü gövdələrin ümumi sayı 340-514, bir sünbüldə sünbülçüklərin cəm sayı 171-273 ədəd təşkil etmiş, dekadanın sonlarında bitkilərin boyu 83-94 sm olmuşdur. Beyləqan, Bərdə və Gəncədə çiyidin səpini davam etmiş,Cəfərxan, Sabirabad, Goranboy və Tərtərdə göyərmə mərhələsi müşahidə edilmişdir. Əksər aran və dağətəyi rayonlarda meyvə ağaclarında 1-3-cü yarpaqların açılması, çiçəklənmənin sonu, meyvələrin böyüməsi, Lənkəran-Astara bölgəsində feyxoa və naringidə, çay kollarında ilk yarpaqların açılması mərhələsi qeydə alınmışdır. Temperatur şəraiti sahə və bağlarda bostan və tərəvəz bitkilərinin səpini və inkişafı üçün əlverişli olmuşdur. Şəki-Zaqatala bölgəsində qarğıdalı bitkisinin səpini, İmişli , Sabirabad və Lənkəranda pamidor ştillərinin torpağa basdırılması, Cəfərxan və Sabirabadda qarpız bitkisində göyərmə, Göytəpədə kartofda hamaşçiçəklərin çıxması mərhələsi qeydə alınmışdır. Əksər rayonlarda yonca bitkisində gövdənin böyüməsi , yan budaqların və hamaşçiçəklərin çıxması mərhələsi davam etmiş, Zaqatala və Cəfərxanda 1-ci biçindən sonra otların boy atması müşahidə edilmiş, Şəkidə yonca bitkisinin zərərvericilərlə zədələnməsi qeydə alınmışdır. Hava şəraiti kənd təsərrüfatı işləri və aqrotexniki tədbirlərin aparılması üçün əlverişli olmuşdur.