20 Noyabr 2026, 19:30
Tələbələr Milli Hidrometeorologiya Xidmətinin fəaliyyəti ilə tanış olublar
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün Milli Hidrometeorologiya Xidmətinə maarifləndirici ekskursiya təşkil olunub.
Ekskursiyanın məqsədi gənclərin hidrometeorologiya sahəsi, meteoroloji müşahidələrin təşkili, hava proqnozlarının hazırlanması və təhlükəli hidrometeoroloji hadisələrlə bağlı erkən xəbərdarlıq sistemlərinin fəaliyyəti barədə biliklərini artırmaq olub.
Səfər çərçivəsində tələbələr Hidrometeorologiya Muzeyinin ekspozisiyası ilə tanış olub, müxtəlif dövrlərdə istifadə edilmiş meteoroloji cihazlar və hidrometeoroloji müşahidə avadanlıqları, onların təyinatı və iş prinsipləri haqqında məlumat əldə ediblər.
Daha sonra Situasiya Mərkəzində olan tələbələr meteoroloji məlumatların toplanması, qəbulu və təhlili, hava proqnozlarının hazırlanması, hava şəraitinin fasiləsiz izlənilməsi, eləcə də təhlükəli hidrometeoroloji hadisələr barədə erkən xəbərdarlıqların verilməsi prosesi ilə tanış olublar.
Görüş zamanı hidrometeoroloji məlumatların vaxtında və dəqiq təqdim edilməsinin əhalinin təhlükəsizliyinin təmin olunmasında və mümkün risklərin qabaqlanmasında rolu diqqətə çatdırılıb.
Sonda tələbələrin sualları cavablandırılıb, hidrometeorologiya sahəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Haqqımızda