16 İyul 2026, 17:15
Milli Hidrometeorologiya Xidmətində Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş zamanı hidrometeorologiya və iqlim dəyişmələri sahəsində əməkdaşlığın genişləndirilməsi, innovativ yanaşmaların tətbiqi, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, tələbələrin istehsalat təcrübəsinin təşkili, eləcə də birgə elmi-tədqiqat layihələri, seminarlar və digər elmi-praktiki tədbirlərin həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Müzakirələrin yekununda tərəflər arasında qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın inkişafını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Görüş çərçivəsində universitetin nümayəndə heyəti Hidrometeorologiya Muzeyi ilə tanış olub. Qonaqlara hidrometeorologiya sahəsinin inkişaf tarixini əks etdirən eksponatlar, həmçinin müxtəlif dövrlərdə istifadə edilmiş müşahidə və ölçmə cihazları barədə ətraflı məlumat verilib.
Daha sonra nümayəndə heyəti Situasiya Mərkəzində hidrometeoroloji müşahidələrin təşkili, operativ hava proqnozlarının hazırlanması, erkən xəbərdarlıq sisteminin fəaliyyəti və təhlükəli hidrometeoroloji hadisələrin monitorinqi prosesi ilə yaxından tanış olub.
Anlaşma Memorandumu tərəflər arasında elm, təhsil və praktik fəaliyyət sahələrində əməkdaşlığın gücləndirilməsinə, eləcə də gələcəkdə birgə layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcək.
Haqqımızda