18 Mart 2026, 13:30

Tələbələr üçün Maştağa meteoroloji stansiyasına maarifləndirici ekskursiya təşkil olunub

“Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsi çərçivəsində gənclərin hidrometeorologiya sahəsində biliklərinin artırılması və praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Qərbi Kaspi Universitetinin tələbələri üçün Maştağa meteoroloji stansiyasına maarifləndirici ekskursiya təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən təşkil olunan ekskursiya zamanı tələbələr stansiyanın fəaliyyəti ilə yaxından tanış olub, hidrometeoroloji müşahidələrin təşkili və aparılması qaydaları barədə ətraflı məlumat əldə ediblər.

Xidmətin mütəxəssisləri tərəfindən stansiyanın yaranma tarixi, meteoroloji və aeroloji müşahidələrin əhəmiyyəti, eləcə də bu müşahidələrin operativ proqnozlaşdırmadakı rolu geniş şəkildə izah olunub.

Ekskursiya çərçivəsində tələbələrə meteoroloji cihaz və avadanlıqların iş prinsipi, avtomat meteoroloji stansiyaların funksionallığı, həmçinin ənənəvi meteoroloji meydançanın strukturu barədə əyani məlumat verilib. Eyni zamanda meteoroloji müşahidə məlumatlarının beynəlxalq standartlara uyğun kodlaşdırılması və operativ şəkildə ötürülməsi prosesi praktiki olaraq nümayiş etdirilib.

Tədbir zamanı Erkən Xəbərdarlıq Sisteminin mühüm komponentlərindən biri olan aeroloji müşahidələrin əhəmiyyəti xüsusi vurğulanıb. Tələbələrə radiozond vasitəsilə atmosferin müxtəlif qatlarında ölçülən meteoroloji elementlərin radiosiqnallar vasitəsilə ötürülməsi və xüsusi proqram təminatı üzərindən vizuallaşdırılması prosesi əyani şəkildə təqdim olunub.

Sonda tələbələri maraqlandıran suallar Xidmətin mütəxəssisləri tərəfindən ətraflı cavablandırılıb, həmçinin ölkədə erkən xəbərdarlıq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verilib.