13 May 2025, 12:30

Mayın 14-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti olacaq.