01 Noyabr 2024, 19:17
Oktyabr ayı ərzində ölkə ərazisində müşahidə olunan hava
2024-cü ilin oktyabr ayında ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, ayın sonlarına doğru isə normadan aşağı olub.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 19 gün normadan yuxarı, 12 gün isə normadan aşağı olub. Havanın orta aylıq temperaturu yarımadada 17.3 dərəcə isti qeydə alınıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 19 gün normadan yuxarı, 12 gün isə normadan aşağı olub. Havanın orta aylıq temperaturu yarımadada 17.3 dərəcə isti qeydə alınıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib.
Onun sözlərinə görə ötən son ayda normadan maksimum fərq oktyabrın 8-də 6.6 dərəcə yuxarı qeydə alınıb ki, həmin gün havanın maksimal temperaturu ölkə üzrə Kürdəmir rayonunda 33 dərəcə, Bakıda və Abşeron yarımadasında isə 29 dərəcə isti olub. Minimal temperatur isə ölkə üzrə oktyabrın 23-ü Şahdağda 11.0 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə oktyabrın 28-də 7.2 dərəcə isti olub.
“2024-cü ilin oktyabr ayında ümumi olaraq ölkənin bölgələri üzrə 23 gün yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış və dağlıq ərazilərdə qarlı hava qeydə alınıb. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 274 faizi olmaqla 190 mm Lənkəran-Astara zonasına, Bakı və Abşeron yarımadasında isə aylıq normanın 509 faizi olmaqla 143 mm Binə qəsəbəsinə düşüb.”
N. Mahmudov qeyd edib ki, 2024-cü ilin oktyabr ayının bəzi günlərində dağlıq ərazilərə qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Lerik və Qubanın dağlıq ərazilərində 17 sm olub. Ötən son ay ərzində 6 dəfə dolu hadisəsi qeydə alınıb. Dolu yağması Kəlbəcər, Oğuz, Şəki, Qəbələ rayonları ərazilərində müşahidə edilib.
Oktyabr ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 10 gün, bölgələrdə isə 17 gün küləkli olub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s, bölgələrdə isə 28 m/s-dək güclənib.
Xidmət rəisi bildirib ki, noyabr ayında adətən ümumi atmosfer sirkulyasiyasının dəyişməsi ilə əlaqədar ölkə üzrə tutqun və buludlu günlərin sayı çoxalır. 2024-cü ilin noyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.