12 İyun 2024, 15:15
Milli Hidrometeorologiya Xidmətində Aqrar Sığorta Fondunun əməkdaşları ilə görüş keçirilib
Görüş zamanı təhlükəli atmosfer hadisələrinin təsərrüfatlara vurduğu zərər və bu hadisələrin tənzimlənməsi məsələləri müzakirə olunub.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov son illər qlobal iqlim dəyişikliklərinin getdikcə daha çox hiss edildiyi, təhlükəli hidrometeoroloji hadisələrin sayının artdığını bildirib.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi, onun əhəmiyyəti və sığortanın qarşıladığı risklər barədə məlumat verib. Hazırda ölkədəki əkin sahələrinin təqribən 25 faizi sığortalanır və bu həcm hər il artmaqdadır. Fond rəhbəri qeyd edib ki, təsərrüfatlara verilən sığorta təminatlarının bir hissəsi iqlim hadisələri ilə bağlıdır.
Tədbirdə bildirilib ki, təbiət hadisələri nəticəsində təsərrüfatlara dəyən zərər aqrar sığorta tərəfindən araşdırılarkən həmin hadisələrin təsdiqi üçün Milli Hidrometeorologiya Xidmətinə çoxsaylı sorğular ünvanlanır. Hadisələrin təsdiqi və miqyasları Xidmətin məlumatlarına əsasən müəyyən edilir
Qurumlar arasında əməkdaşlığın daha da artırılması, gələcəkdə birgə layihələrin həyat keçirilməsi müzakirə olunub.
Sonda qonaqlar Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında yerləşən Situasiya Mərkəzi ilə, eyni zamanda bu sahədə aparılan modernzasiya işlər ilə tanış olublar.