19 Aprel 2022, 18:20
Oxçuçayın faciəsi davam edir
25 dekabr 2020-ci ildən başlayaraq işğaldan azad edilmiş ərazilərdə yerləşən su obyektlərində suyun keyfiyyətini müəyyənləşdirmək məqsədilə mütəmadi olaraq monitorinqlər aparılır.
Ekologiya və təbii sərvətlər nazirliyinin milli hidrometeorologiya xidmətinin rəisi Umayra Tağıyeva Qarabağa təşkil olunan media tur zamanı bildirib ki, analiz üçün su və dib çöküntüsü nümunələri götürülür.
2021-ci il və 2022-ci ilin I rübü ərzində Oxçuçayın Zəngilan rayonu ərazisindən keçən hissəsində çayın yuxarı, orta və aşağı axınlarını əhatə etməklə hər dekadada -ümumilikdə 58 dəfə monitorinq keçirilmiş, 158 su nümunəsi, 184 dib çöküntüsü nümunəsi götürülüb, müvafiq fiziki-kimyəvi analizlər aparılıb.
Çayda ən çox çirklənmə halları yanvar- mart və iyun -avqust ayları, əsasən azsuluq dövlərdə müəyyən edilmişdir.
Oxçuçayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında Ermənistanla sərhəddə yaxın seçilmiş nöqtədə müəyyən edib.
Orta illik nəticələrə əsasən:
Yuxarı axında (Bürünlü kəndi) -ammonium 3.4 dəfə, manqan 3.1 dəfə, dəmir 1.5 dəfə, nikel 5.5 dəfə, kadmium 3.4 dəfə, molibden 1.9 dəfə normadan çox olub.
Yuxarı axında müxtəlif dərinliklərdən (səth, 10 sm, 20 sm) götürülmüş dib çöküntüləri nümunələrində metalların qatılığı orta və aşağı axına nisbətən daha yüksək olduğu müəyyən edilib.
Qeyd etmək lazımdır ki, çayın çirklənməsinə səbəb Ermənistan respublikası ərazisində fəaliyyət göstərən Qafan və Qacaran mis- molibden kombinatlarından atılan tullantı sularıdır. Tullantı suları təmizlənmədən bir başa çaya axıdılır, bu da çayın ağır metallarla çirklənməsinə gətirib çıxarır.
Çayın ağır metallarla yüksək səviyyədə çirklənməsi çayın ekosisteminin pozulmasına və orada yaşayan bioresursların məhvinə səbəb olur.
Belə hadisə 2021-ci ilin mart ayının əvvəllərində müşahidə edilmişdir, belə ki, çaya böyük həcmdə tullantı sularının atılması nəticəsində çayda balıqların kütləvi məhvi baş verib.
2022-ci ilin aprel ayının II ongünlüyündən başlayaraq çayda çirklənməyə nəzarəti güncləndirmək məqsədilə hər iki gündən bir su nümunələrinin götürülməsinə başlanılıb.