Sentyabr ayının icmalı

30 Sentyabr 2021, 16:39

Sentyabr ayının icmalı

Bu ilin sentyabr ayı əsasən bol yağışlı hava ilə seçildi. Mövsümün ilk qarı isə sentyabrın 26-da gecə saatlarında ölkənin dağlıq ərazilərini nazik ağ örpəyə bürüdü. Şahdağda qarın hündürlüyü 1 sm oldu.

 Sentyabr ayı ərzində düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında aylıq normanın 360%, Qazax-Gəncə bölgəsində 158%, Balakən-Şəki zonasında 209%, Lənkəran-Astara bölgəsində isə 179%-dək olub.

 Ay ərzində 6 dəfə dolu hadisəsi müşahidə edilib.

 Çoxillik meteoroloji müşahidələrə əsasən ay ərzində Bakıda ən çox düşən yağıntı 2016-cı ildə 139.1 mm miqdarında qeydə alınmış, bu da iqlim normasının 809%-ni təşkil etmişdir.

 Havanın temperaturu isə bizə əziyyət vermədi, çünki əsasən komfort göstəricilər ətrafında dəyişdi. Bununla yanaşı ayın əvvəli ilə sonu müqayisə ediləndə böyük temperatur fərqi qeydə alınıb. Beləki, Bakıda ən maksimal temperatur 36.1 dərəcə sentyabrın 02-də, ən aşağı temperatur isə sentyabrın 26-da 13.7 dərəcə isti olub.

 Ayın 24-dən sonra temperatur iqlim normasından 3 dərəcə aşağı endi.
 Bakıda və Abşeron yarımadasında 61 mm miqdarında yağış yağdı, bu da aylıq normadan 3,5 dəfə artıq oldu. Yalnız ötən iki sutka ərzində Bakıda 46 mm (normanın 276%) yağıntının qeydə alındığını nəzərə alsaq, sürüşmələrə meyilli ərazilərə təsirlərin müəyyən edilməsi vacib olardı. Ümumilikdə, iqlim dəyişmələri fonunda artan təhlükəli hava-iqlim prosesləri, xüsusilə kommunal xidmət sahələrinin bu kimi hallara hazırlıqlı olmasını tələb edir.

 Növbəti ayda isə havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir. Ayın əvvəlində şimal, şimal-şərq küləyi əsəcək, hava arabir tutqun və yağışlı olacaq.

 Bakıda və Abşeron yarımadasında gecələr havanın temperaturu 11-16°, gündüzlər 17-22°, bəzi günlərdə 25° dərəcə isti olacağı gözlənilir.

 Şərqi Zəngəzur və Qarabağ bölgəsində gecələr havanın temperaturu 1-6° isti, gündüzlər 9-14°, dağlıq ərazilərdə gecə 3-8° şaxta, gündüz 1° dərəcə şaxtadan 4° dərəcəyədək isti olacağı gözlənilir.

 Mərkəzi-Aran zonasında gecələr havanın temperaturu 11-16°, gündüzlər 17-22°, bəzi günlərdə 25° dərəcə isti olacağı gözlənilir.