
29 Sentyabr 2021, 12:20
Müşahidə olunan faktiki hava şəraiti
"Son günlər ölkəmizdə tutqun, yağmurlu payız günləri müşahidə edilir. Yayın davamlı quraqlığından sonra yağan yağış həmdə çaylarımızı qidalandırır"
Kürün yuxarı axınında Qıraqkəsəmən məntəqəsindən keçən suyun həcmi ongünlük normasında 21 faiz çoxdur, aşağı axınında isə Kür-Şirvan məntəqəsində suyun səviyyəsi 10 sm artıb.
Daha bol yağışlar ölkənin şimal və şərqində qeydə alınıb.
Bununla yanaşı, belə hava şəraiti havanın keyfiyyətinin yaxşılaşmasına, təmizlənməsinə, oksigenlə zənginləşməsinə səbəb olur. Yağışlı havanın neməti böyükdür.
Bu gün səhər saat 10:00-a olan məlumatına əsasən düşən yağıntının miqdarı Lənkəranda 56.0 mm (aylıq normanın 33 %-i), Astarada 23.0 mm, Şabran, Lerikdə 14.0 mm, Yardımlıda 13.0 mm, Göytəpədə 10.0 mm, Quba, Biləsuvarda 9.0 mm (aylıq normanın 52 %-i), Qusarda 7.0 mm, Neftçalada 6.0 mm, Xaltanda 5.0 mm, Ağdamda 5.0 mm, Balakən, Naftalan, Beyləqanda 3.0 mm, Qobustan, Sarıbaş (Qax), İmişli, Mingəçevirdə 2.0 mm, Altıağac, Zaqatala, Bərdə, Yevlaxda 1.0 mm-dək olub.
Abşeron yarımadasında isə sutka ərzində yağışın həcmi iki aylıq norma miqdarında olub. Məsələn, Maştağada 50.0 mm (aylıq normanın 222 %-i), Bakıda 26.0 mm (aylıq normanın 151 %-i), Sumqayıtda 13.0 mm (aylıq normanın 72 %-i) qeydə alınıb.
Burada maraqlı tendensiya izlənilir. Son onilliklərdə Bakı şəhərində güclü yağışlı günlərin sayı artıb.
"2016-cı il sentyabrın 28-i gün ərzində və 29-da Bakıda bu ay üçün güclü yağış yağmış, düşən yağıntının miqdarı 47.0 mm təşkil etmişdir ki, bu da aylıq normadan 3 dəfə çoxdur.
2018-ci il sentyabrın 23-də cəmi 4 saat ərzində Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensiv yağış yağmışdır. Düşən yağıntının miqdarı 34.0 mm olmuşdur ki, bu da iqlim normasının 198%-ni təşkil edib. Dəyişən iqlimin təzahürləri gündəlik həyatımızda artıq daha çox hiss edilir".
Ölkə ərazisində qeyri-sabit fasilələrlə yağmurlu hava şəraiti oktyabrın 01-dək davam edəcək.