01 May 2025, 15:40

Məktəblilər üçün Milli Hidrometeorologiya Xidmətinə ekskursiya təşkil olunub

Uşaqlara hidrometeorologiya elminin praktik tətbiqləri barədə ilkin biliklər aşılamaq məqsədilə Bakı şəhəri 80 nömrəli tam orta məktəbin şagirdləri üçün Milli Hidrometeorologiya Mərkəzinin Situasiya Mərkəzinə ekskursiya təşkil olunub.

Tədbir çərçivəsində Xidmətin mütəxəssisləri tərəfindən məktəblilərə Milli Hidrometeorologiya Muzeyinin ekspozisiyaları, o cümlədən, ölkəmizin hidrometeorologiya tarixini əks etdirən unikal fotoşəkillər, müxtəlif avadanlıqlar və ölçü cihazları nümayiş edilib, onların iş prinsipi, əhəmiyyəti barədə ətraflı məlumatlar verilib.

Ekskursiyanın davamı olaraq məktəblilərə Situasiya Mərkəzində hidrometeoroloji müşahidələrin necə aparıldığı, məlumatların qəbulu və emalı prosesləri, həmçinin bu məlumatlar əsasında müasir hava proqnozlarının hazırlanma mərhələləri interaktiv şəkildə izah edilib.

Tədbirin sonunda Xidmətin mütəxəssisləri tərəfindən uşaqlara ölkəmizdə hidrometeorologiya sahəsində həyata keçirilən mühüm tədbirlər barədə ətraflı məlumat verilib və məktəblilərlə ətraf mühitin qorunması, bu sahədə gənclərin rolu barədə müzakirə aparılıb.