29 Aprel 2025, 14:45

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları fermer və sahibkarlar ilə görüşlər keçirib

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən Sabirabad, Saatlı, İmişli rayonlarının yerli fermer və sahibkarları ilə görüş təşkil edilib.

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin İmişli rayonu üzrə nümayəndələrinin də iştirak etdiyi görüşdə mütəxəssislər tərəfindən fermer və sahibkarlara hidrometeoroloji məlumatların onların işinin təşkilindəki rolu, potensial risklərin azaldılması, təhlükəli hidrometeoroloji hadisələr zamanı zəruri tədbirlərin görülməsi üçün erkən xəbərdarlıq sistemlərinin üstünlükləri barədə ətraflı məlumat verilib.

Regionda fəaliyyət göstərən kənd təsərrüfatı subyektləri ilə Milli Hidrometeorologiya Xidməti arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyan bu tədbirdə mütəxəssislər tərəfindən həmçinin iştirakçılara hidrometeoroloji xidmətləri əks etdirən əyani vəsaitlər təqdim edilib.

Görüşün sonunda fermer və sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.