
30 İyul 2021, 16:00
SOMMER şirkəti tərəfindən hidroloqlar üçün keçirilən treninqdə iştirak edən mütəxəssislərə sertifikat təqdim olunmuşdur.
29.07.2021-ci il tarixində Samur Abşeron kanalının Abşeron ərazisində Avstriyanın Sommer şirkətinin yaradıcı direktoru Michael Sommer ilə Hidrometeorologiya Xidmətinin bir qrup əməkdaşları RP30 cihazından istifadə etməklə su sərfinin ölçülməsi sahəsində praktiki treninq keçirilmişdir. Ölçmə zamanı cihazla və digər meydana çıxan çətinliklərlə bağlı suallara xarici ekspert lazımı izahları vermişdir.
30.07.2021-ci tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində treninqdə iştirak etmiş mütəxəssislərə sertifikatların təqdim olunması ilə əlaqədar olaraq görüş təyin olunmuşdur. Bu görüşdə Sommer şirkətinin direktoru Michael Sommer, Milli Hidrometeorologiya Xidmətinin rəis müavinləri Rafiq Verdiyev və Natiq Hətəmov, BMT-nin İnkişaf Proqramının Layihə Meneceri Zaur Əliyev iştirak etmişdir.
İlk öncə Rafiq Verdiyev Xidmət adından cənab Sommerə öz təşəbbüsü ilə treninq keçirtməsinə, bizimlə əməkdaşlığına görə öz təşəkkürünü bildirmiş və bu əməkdaşlığın daha da uzun müddət davam etməsinə ümid etdiyini bildirmişdir.
Daha sonra Michael Sommer Milli Hidrometeorologiya Xidmətinin əməkdaşlarına fəal iştiraklarına və qonaqpərvərliklərinə görə dərin minnətdarlığını bildirmişdir.
Eyni zamanda Zaur Əliyev çıxışında BMT-nin İnkişaf Proqramı Milli Adaptasiya Planının hazırlanmasından bəhs etmiş, BMT-nin İnkişaf proqramı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığının nəticəsində BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan Milli Adaptasiya Planının hazırlanması layihə çərçivəsində Milli Hidrometeorologiya Xidməti üçün Sommer şirkətindən daha bir RP-30 cihazı alınmışdır və şirkət tərəfindən keçirilən treninq zamanı mütəxəssislərin əldə etdiyi biliklərin həmin cihazdan istifadə zamanı da yüksək əhəmiyyətə malik olacağını vurğuladı.
Sonda treninqdə iştirak edən 30-a yaxın mütəxəssisə sertifikatlar təqdim olunmuşdur.