
09 Sentyabr 2024, 16:20
İsti günlərdə yanğına həsas bölgələr
Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, 10-12 sentyabr tarixlərində respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir.
Xidmət rəisi Nazim Mahmudov bildirib ki, isti hava şəraitində yanğına həssas bölgələrdə, təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır.
N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb.
“Yanğın indeksi Gəncə-Qazax bölgəsində Gəncədə yüksək, Ağstafa, Tərtər, Tovuz, Naftalan, Şəmkir, Ağdamda isə çox yüksək, Balakən-Şəki bölgəsi üzrə Balakən, Zaqatala, Oğuz, Qəbələdə yüksək, Şəkidə isə çox yüksək, Quba-Xaçmaz bölgəsində Xızıda yüksək, Quba, Qusar, Şabranda isə çox yüksək, Dağlıq Şirvan bölgəsi üzrə Şamaxıda yüksək, İsmayıllı, Qobustanda isə çox yüksək, Lənkəran-Astara bölgəsi üzrə Lənkəran, Astarada yüksək, Yardımlıda isə çox yüksək, Naxçıvan MR-da Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada çox yüksək müəyyən edilib”.
Xidmət rəisi vətəndaşları təbiətdə, xüsusən meşə və ot örtüyü olan yerlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, təbiətdə təsərrüfat işləri apararkən və ya istirahət edərkən mütləq qaydada odla ehtiyatlı davranmağa çağırıb.