
08 İyun 2021, 11:00
Hidrometeoroloji xidmətin göstərilməsi ilə bağlı keçirilmiş görüşlər barədə
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında nəzərdə tutulmuş iqlim dəyişmələrinin və təbii amillərin kənd təsərrüfatına mənfi təsirinin azaldılması mexanizmlərinin işlənilməsi kimi hədəflərin həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədə çatmaq üçün aqrometeoroloji məlumatların əlçatanlığının təmin edilməsi, birgə fəaliyyətin həyata keçirilməsinin zəruriliyi xüsusi vurğulanır.
Qeyd olunanları nəzərə alaraq, son illər kənd təsərrüfatı sektorunda aparılan islahatların səmərəliliyinin artırılması üçün bir sıra innovativ metodlardan istifadə edilməsi ilə yanaşı hidrometeoroloji xidmət növlərinin tətbiqi də aktuallaşır.
Bununla əlaqədar, kənd təsərrüfatı ilə məşğul olan yerli sahibkarlar arasında hidrometeoroloji xidmət sahəsində əlaqələrin yaradılması, bu sahədə təbliğat işlərinin aparılması və qarşılıqlı fəaliyyətin qurulması məqsədilə cənub bölgəsində olarkən Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara rayonlarındakı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) rəhbərləri və həmin rayonların sahibkarları ilə görüşlər keçirilmişdir. Səfərimizin məqsədinə uyğun olaraq aqrar sektorda daha yaxşı nəticələrin, yüksək məhsuldarlığın əldə olunmasında meteoroloji xidmətlərin əhəmiyyəti barədə məlumat verilmişdir.
Bundan əlavə, Dövlət investisiya layihəsi çərçivəsində alınmış ətraf mühitin monitorinqi üzrə səyyar laboratoriyanın imkanlarından yararlanmaqla su və torpağın keyfiyyətinin müəyyənləşdirilməsinin mümkün olduğu bildirilmişdir.
Görüş iştirakçılarına hidrometeoroloji xidmət və stasionar laboratoriyanın imkanlarını əks etdirən müvafiq məzmunlu bukletlər paylanmışdır.
Görüşlər zamanı, son 2-3 il ərzində hidrometeoroloji şəbəkənin daha da modernləşdirilərək ən müasir cihaz və avadanlıqlarla təchiz olunduğu barədə məlumat verilərək, bunun müqabilində göstəriləcək xidmətlərin də daha keyfiyyətli səviyyədə həyata keçirilməsinə təminat veriləcəyi bildirilmişdir.
Keçirilən görüşlər DAİM rəhbərliyi və yerli sahibkarlar tərəfindən müsbət qiymətləndirilmiş və gələcəkdə bu kimi tədbirlərin daha geniş tərkibdə keçirilməsi təklif edilmişdir .