U.Tağıyeva: iyun ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacaq

31 May 2021, 18:00

U.Tağıyeva: iyun ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacaq

Son onillikdə may ayında havanın orta aylıq temperaturu iqlim normasından 0,5- 3.2 dərəcəyədək yüksək olub. Bu il isə Bakıda havanın orta temperaturu 21.2 dərəcəyə yaxın, yəni normadan 3,2 dərəcə yüksək olmuşdur.

Bu sırada ən yüksək temperatur Bakıda 2007-ci ilin mayın 29-da 35.5 dərəcə qeydə alınmışdır.

2021-ci il may ayında mərkəzi-aran rayonlarında 32-37° isti, dağlarda 22-26° isti, Naxçıvan MR-da 32-37° isti, Bakıda 34.1° isti olmuşdur.
Mayın 10-da külək Bakıda 30 m/s-dək güclənmişdir.

Ay ərzində düşən yağıntının miqdarı ölkə üzrə qeyri-bərabər paylanaraq bəzi rayonlarda aylıq normadan bir qədər çox olmuşdur.
Məsələn Tərtərdə 183%-i, Qəbələdə 144%-i, Cəfərxanda 133%, Balakəndə və Hacıqabulda 123%-i, Bakıda və Abşeron yarımadasında nornanın 119% dək, Şəkidə 118%-i, Gəncədə 108%-i, Kiçik Qafqazda 76%-dək. Lənkəran-Astara zonasında 24.0-42.0 mm, aylıq normanın 53-93%-i.

Yayın birinci ayı olan iyun ilin ən uzun günləri ilə fərqlənir.
Ay ərzində temperaturun tədricən yüksəlməsi müşahidə olunur. Son 30 illik məlumatların təhlili göstəriri ki, birinci ongünlüyün ikinci yarısında temperatur qeyri-bərabər paylansa da artıq ayın 10-dan sonra mütləq maksimum temperatur xeyli artır. Ən isti iyun 1998-ci və 2010-cu illərdə olub.
Ən isti hava isə 2020-cı il iyunun 03-də Bakıda qeydə alınmışdır. Həmin gün havanın temperaturu 40,4°olmuşdur. Ən sərin hava 1996-cı il iyunun 02-də Bakıda qeydə alınmışdır. Həmin gün havanın temperaturu 8.1° qeydə alınmışdır.
Bu il iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.