15 may - Beynəlxalq İqlim Günüdür

15 May 2024, 10:30

15 may - Beynəlxalq İqlim Günüdür

15 may tarixində dünyanın bir çox ölkəsində Beynəlxalq İqlim Günü qeyd edilir. Bu ekoloji bayramın təsis edilməsi meteoroloqların iqlimi indiki və gələcək nəsillərin rifahına təsir edən mühüm resurs kimi müdafiə etmək çağırışına cavab idi.

Bu gün iqlimin qorunması bəşəriyyətin üzləşdiyi qlobal problemlərdən biridir. Son illər ərzində planetdə iqlim dəyişmələri kəskin şəkildə sürətlənib və demək olar ki, hər il yeni temperatur rekordları müəyyən edilir.

Dövlət siyasətlərindəki müxtəlif strategiyaların həyata keçirilməsində iqlimin müstəsna rolu vardır. Bu da bir səbəbdir ki, iqlimdə baş verən dəyişikliklər bütün dünya ictimaiyyətini narahat edir və problemin ciddiliyi onun mümkün qədər tez həll edilməsini tələb edir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası(UNFCCC) yer kürəsinin iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısını almaq üçün 1994-cü il martın 21-də qüvvəyə minmişdir. Azərbaycan bu Konvensiyaya 1995-ci ildə qoşulub. Bu günədək Konvensiya 198 ölkə tərəfindən ratifikasiya olunub. 2015-ci ildə qəbul edilmiş Paris Sazişi isə Konvensiya Tərəflərindən sənayələşmə ilə müqayisədə qlobal istiləşmənin səviyyəsini 1,5 dərəcə C-dək saxlanılmasına səylər göstərilməsini hədəfləyir.

Bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası -COP29 Azərbaycanda keçiriləcək. Konfransının keçirilməsi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin "yaşıl" iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab edilə bilər.

Gəlin, birlikdə yaşıl planet, dayanıqlı iqlim, sağlam gələcək üçün töhfə verək! Bütün bəşəriyyət və gələcək nəsillər naminə indi və gələcəkdə üzləşdiyimiz problemləri idarə etməyə daha yaxşı hazır olan dünya quraq!