02 May 2024, 12:05

“Suya həssas rayonlar üzrə iqlim dəyişmələrinin təsirləri və həlli yolları” mövzusunda tədbir keçirilib

Ekologiya Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Suya həssas rayonlar üzrə iqlim dəyişmələrinin təsirləri və həlli yolları” mövzusunda növbəti tədbir keçirilib.

Şirvan şəhərində keçirilən tədbirdə Azərbaycan Respublikasının Milli Uyğunlaşdırma Planının İşçi qrupunun mütəxəssisləri, Özbəkistanın dövlət nümayəndələri, BMT-nin İnkişaf Proqramının Özbəkistan nümayəndəliyinin üzvləri də iştirak edib.

Tədbirdə iqlim dəyişmələrinə həssas sektor kimi su sektoruna təsirlər və onlara uyğunlaşma qabiliyyətinin əhəmiyyəti vurğulanıb, eyni zamanda suya həssas rayonlar üzrə iqlim dəyişmələrinin təsirləri və həlli yolları mövzusunda təqdimatlar nümayiş etdirilib.

Tədbir çərçivəsində Ekologiya Təbii Sərvətlər Nazirliyinin Salyan rayonu ərazisində yerləşən Dəniz Suyunun Duzsuzlaşdırılması zavoduna səfər təşkil edilib. Şirin suya tələbatın ödənilməsi məqsədilə dəniz suyunun duzsuzlaşdırılmasının hazırda ölkəmiz üçün həll yollarından biri olduğu qeyd edilib.

Qonaqlar zavodda texnoloji proseslərlə yaxından tanış olub və onlara zavod haqqında ətraflı məlumat verilib. Eyni zamanda, əldə olunan şirin sudan istifadə edilməklə suvarılan tinglik sahələrinə, burada yetişdirilən ağac və kol bitkilərinə də baxış keçirilib.