14 Mart 2024, 14:30
Qarabağda qarölçmə işləri davam etdirilir
Milli Hidrometeorologiya Xidmətinin Qarabağ Regional Hidrometeorologiya Mərkəzinin mütəxəssisləri tərəfindən qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə Kiçik Qafqazın (Kəlbəcər, Laçın, Şuşa və Xocavənd rayonlarının) yüksək dağlıq ərazilərində qarölçmə işləri aparılır, qar örtüyünün hündürlüyü, kütləsi, çəkisi ölçülərək sululuğu və sıxlığı təyin edilir.
Qarabağ Regional Hidrometeorologiya Mərkəzinin direktoru Vilayət Həsənov bildirib ki, aparılan ölçmələrin ilkin nəticələrinə görə, Kəlbəcər rayonu Zar-İstisu marşrutu üzrə dəniz səviyyəsindən 2250 metr yüksəklikdə qarın hündürlüyü 40 santimetr, çəkisi 80 qram, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə qarın hündürlüyü 30 santimetr, çəkisi 70 qram, dəniz səviyyəsindən 2450 metr yüksəklikdə qarın hündürlüyü 30 santimetr, çəkisi 85 qram, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə qarın hündürlüyü 31 santimetr, çəkisi 86 qram qeydə alınıb.
Laçın rayonu Qalaçı-Zabuxçay marşrutu üzrə dəniz səviyyəsindən 2000 metr yüksəklikdə qarın hündürlüyü 10 santimetr, çəkisi 35 qram, Ağcayazı-Pişənəişçay mənbəyi (Laçın rayon ərazisi) dəniz səviyyəsindən 2000 metr yüksəklikdə qarın hündürlüyü 8 santimetr, çəkisi 21 qram qeydə alınıb.
Digər marşrutlar üzrə işlər davam etdirilir.