21 Noyabr 2023, 15:30
Tvinninq layihəsi çərçivəsində növbəti təlim Naxçıvan Hidrometeorologiya İdarəsində keçirilib
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi” adlı ikillik Tvinninq layihəsi çərçivəsində Azərbaycana gələn beynəlxalq ekspertlər Naxçıvan Muxtar Respublikasına səfər ediblər.
Ekspertlər səfər çərçivəsində Milli Hidrometeorologiya Xidmətinin Naxçıvan Hidrometeorologiya İdarəsinin mütəxəssislərinə hidrometeoroloji müşahidələrin müasir üsullarla aparılması, Naxçıvan MR ərazisində quraşdırılan avtomat hidrometeoroloji stansiyaların kalibrasiyası və texniki qulluq göstərilməsi, rəqəmsal proqnoz modellərinin tətbiqi və istifadəsi mövzularında təlim keçiblər.
Ekspertlər Naxçıvan avtomat meteoroloji stansiyasına baxış keçirərək idarənin mütəxəssisləri ilə birlikdə stansiyada kalibrasiya işləri aparıblar.
Məhsuldar keçən təlimin ikinci hissəsi diskussiya formatında davam edib və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Qarşılıqlı maraq doğuran görüşün sonunda Naxçıvan Hidrometeorologiya İdarəsinin mütəxəssislərinə sertifikatlar təqdim edilib.