07 Noyabr 2023, 09:37
Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası çərçivəsində Milli Hidrometeorologiya Xidməti tərəfindən Estoniya Ətraf Mühit Agentliyi ilə vebinar keçirilmişdir.
Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri şöbəsi tərəfindən Estoniya Respublikasının İqlim Nazirliyinin İqlim Departamenti ilə birgə “İqlim ssenarilərinin hazırlanması sahəsində təcrübə mübadiləsi” mövzusunda vebinar təşkil olunmuşdur.
Keçirilən tədbir COP28 ərəfəsində iki ölkə arasında iqlim dəyişmələri sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qurumlararası təcrübə mübadiləsinin aparılmasına həsr edilmişdir.
Tədbir zamanı “Uzun-müddətli aşağı emissiya inkişaf strategiyası”, “Estoniyada iqlim dəyişmələrinə uyğunlaşma üzrə milli fəaliyyətlərin həyata keçirilməsi” və “CMIP6 modeli üzrə iqlim məlumatlarının təhlili təcrübəsi” mövzuları üzrə təqdimatlarla çıxışlar edilmiş, çoxsaylı suallar cavablandırılmışdır.
Vebinarda hər iki ölkədə Paris Sazişinin 13-cü maddəsi üzrə Təkmilləşdirilmiş Şəffaflıq Formatına uyğun MRV sisteminin vəziyyəti, iqlim ssenarilərinin hazırlanması, istixana qaz emissiyalarının hesablanması metodları, mitiqasiya və adaptasiya tədbirlərinin effektivliyi və digər mövzular ətrafında fikir mübadiləsi aparılmış və gələcək əməkdaşlıq perspektivləri müəyyən edilmişdir.