“Yaşıl iqtisadiyyata keçid, iqlim dəyişmələrinə qarşı mübarizə” mövzusunda maarifləndirici, silsilə seminar keçirilmişdir

30 Oktyabr 2023, 20:00

“Yaşıl iqtisadiyyata keçid, iqlim dəyişmələrinə qarşı mübarizə” mövzusunda maarifləndirici, silsilə seminar keçirilmişdir

2023-cü ilin 30 oktyabr tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin təşəbbüsü ilə Azərbaycan Texniki Universitetində (AzTU) “Yaşıl iqtisadiyyata keçid, iqlim dəyişmələrinə qarşı mübarizə” mövzusunda maarifləndirici, silsilə seminar keçirilmişdir.

Seminarın əsas məqsədi son dövrdə bəşəriyyəti narahat edən qlobal problemlərdən biri olan iqlim dəyişmələri, onun fəsadları ilə gənc nəsli tanış etmək, eləcə də bu fəsadlarla mübarizə sahəsində həyata keçirilən tədbirlər haqqında ekoloji təbliğat yolu ilə maarifləndirmək olmuşdur.

Tədbir Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri şöbəsinin müdiri Dr.Fuad Hümbətovun və Azərbaycan Texniki Universitetinin prorektoru, professor Sübhan Namazovun və tədris işləri üzrə prorektor, professor Nurəli Yusifbəylinin açılış sözü ilə başlamışdır.

Seminarda Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri şöbəsinin müdiri Dr.Fuad Hümbətov tərəfindən “Uzun-müddətli aşağı emissiya inkişaf strategiyası”, İqlim dəyişmələri mərkəzinin mütəxəssisləri Aygün Nərimanova və Röya Əfəndiyeva tərəfindən “Nəqliyyat sektorundan atılan istilik effekti yaradan qazlar və onların azaldılması”, “Fəlakət riskini azaltmaq üçün Sendai çərçivəsi” mövzularında təqdimatlar nümayiş olunmuşdur.

Seminarın gedişatında Milli Hidrometeorologiya Xidmətinin rəhbərliyi tərəfindən xüsusi tərtib olunmuş hava sertifikatları və təşəkkürnamələr Azərbaycan Texniki Universitetinin rəhbərliyinə və ən fəal tələbələrə təqdim olunmuşdur.