
03 Oktyabr 2023, 15:00
Meteoroloji müşahidə məlumatlarına əsasən riyazi üsullarla yanğın indeksi hesablanmışdır
Meşə zolaqlarının yanğın təhlükəsindən qorunması, yanğın təhlükəsi olan ərazilərdə əhalinin daha diqqətli davranması məqsədilə may-sentyabr aylarında meteoroloji müşahidə məlumatlarına əsasən riyazi üsullarla yanğın indeksi hesablanmışdır.
Qeyd edək ki, hesablamalar aparıldıqdan sonra alınmış nəticə 5 əsas yanğın kriteriyasına əsasən qiymətləndirilir (yanğın yoxdur, kiçik yanğın, orta yanğın, yüksək yanğın, çox yüksək yanğın). Yüksək yanğın indeksi rütübətin aşağı, temperaturun yuxarı həddləri ilə əlaqədardır. Həmçinin külək parametrləri də yanğın təhlükəsinə təsir edən amillərdəndir.
Yanğın indeksi kriteriyasından asılı olaraq müxtəlif məzmunlu, kiçik, orta, yüksək və çox yüksək yanğın təhlükəsi olan ərazilər qeyd edilməklə Milli Hidrometeorologiya Xidməti tərəfindən informasiya xarakterli məlumatlar hazırlanmışdır. Yanğın indeksinin yüksək və çox yüksək olduğu hallarda lazımı təşkilatlar da xəbərdarlıqlarla təmin olunmuşdur.
Ümumi olaraq, 2023-cü ilin isti dövründə ən çox yanğın təhlükəsi olan ərazilər əsasən Naxçıvan MR-da və Qazax-Gəncə bölgəsində qeydə alınmışdır. Eyni zamanda Balakən-Şəki, Quba-Xaçmaz, Dağlıq Şirvan, Lənkəran-Astara bölgələrinin bəzi rayonlarında yanğın indeksi çox yüksək həddə çatmışdır. Lakin bəzi günlərdə hava şəraitinin qeyri-sabit, yağmurlu keçməsi ilə əlaqədar yanğın indeksi sıfırlanmışdır. Bu da yanğın təhlükəsi riskini azaltmışdır.