17 Avqust 2023, 18:10
İqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinin dinamikasına təsirinin müzakirəsi məqsədi ilə seminar keçirilib
Avqustun 17-də İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası tərəfindən qəbul olunan qərarların icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinin təşəbbüsü ilə "İqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinin dinamikasına təsiri”nin müzakirəsi məqsədi ilə seminar keçirilib.
Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Kənd Təsərrüfatı Nazirliyinin, Energetika Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), Xəzər Universitetinin, BMT-nin İnkişaf Proqramının (UNDP) və digər yerli və beynalxalq dövlət qurumlarının nümayəndələri iştirak etmişdirlər.
Sözügedən seminarın birinci hissəsi Milli Adaptasiya Planının (NAP) hazırlanmasına, ikinci hissəsi isə iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinin dinamikasına təsiri mövzularına həsr olunub.
Seminarda iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinin dinamikasına təsiri, səviyyə dəyişmələrinin ölkəmizin sahil zonasında yaratdığı sosial-iqtisadi və ekoloji problemlər, iqlim dəyişmələri nəticəsində artmaqda olan təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələr və digər mövzular müzakirə olunub.
Seminarda xəzəryanı ölkələrinin Hidrometeorologiya Xidmətlərinin nümayəndələri də qoşulmuşdurlar. Rusiyanın Federal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin (“Росгидромет”) nümayəndəsi xanım Y. Ostrovskaya “Regional iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinə təsiri”, həmçinin Qazaxıstan Respublikasının Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin (РГП "Казгидромет") əməkdaşı cənab N. Abayev “Qazaxıstan Respublikasının Milli Hidrometeorologiya Xidmətinin hidrometeorologiya sahəsində və Xəzər dənizi regionunda fəaliyyəti” mövzuları ilə çıxış ediblər.