
15 Avqust 2023, 12:30
Atmosfer havasının keyfiyyəti
Son iki gün ərzində Bakı və Abşeron yarımadasının atmosfer havasında toz müşahidə olunur.
Atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə edilmiş məlumatların təhlilinə əsasən əgər ayın 13-14-də tozun konsentrasiyası normadan 1,3-1,8 dəfə yüksək olubsa, hal-hazırda havada tozun miqdarı 2.5 dəfə normanı aşıb.
Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.
Belə ki, davamlı cənub-şərq istiqamətli hava axınları ilə toz hissəciklərinin ölkə ərazisinə daxil olması müşahidə olunur. Bu günlərdə isti diskomfortla yanaşı tozun miqdarının normadan yüksək olmasını nəzərə alaraq açıq havada uzunmüddət olmaq tövsiyə olunmur. Ev və ofis şəraitində isə nəm təmizləmə işlərinin gün ərzində aparılması məsləhət olunardı, çünki belə hava xüsusi ilə tənəffüs orqanları problemi olan insanlarda narahatlıq hissi yarada bilər.
Bu cür tozlu hava şəraitinin 2 gün ərzində davam edəcəyi gözlənilir.