01 İyul 2023, 12:15

İyul ayı da yağışlı hava ilə başlandı

Bu gün hidrometeoroloji stansiyalardan əldə etdiyimiz məlumata görə ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.

Ən çox yağıntı adətən yayda quraq hava ilə səciyyələnən Bərdədə bir neçə saat ərzində aylıq normanın 114 faizi qeydə alınıb. Digər rayonlara gəlincə Qaxda aylıq normanın 70, Tərtərdə 94, Goranboyda 54, Göyçayda 55, Mingəçevirdə 36, Kürdəmirdə 47, Zərdabda 55, Salyanda 37 faizini təşkil edib. Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı isə 2 millimetr olub.

İyunun 30-da yağan leysan yağış nəticəsində saat 18:00-da İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan, Cülyan kəndi ərazisindən axan Cülyançaydan və Talıstan kəndi ərazisindən axan Talıstançaydan, saat 19:10 radələrində isə Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, saat 19:20-də isə Əmirvar kəndi ərazisindən axan Əmirvarçaydan qısamüddətli sel keçib.
İyulun 01-də isə Oğuz rayonu ərazisindən keçən Əyriçaydan, Qobustan rayonu ərazisindən keçən Pirsaatçaydan, İsmayıllı rayon ərazisindən keçən Girdimançaydan sel keçib.

İyunun 30-da saat 15:31 radələrində İsmayıllı rayonunda diametri 3 mm olan, Kəlbəcər rayonuna dolu düşüb.

Şimal-qərb küləyi arabir Mingəçevir, Tovuzda 30 m/s, Daşkəsəndə 25 m/s, Gəncə, Goranboy, Naftalanda 24 m/s, Şəmkir, Yevlax, Ağstafada 20 m/s, Bərdə, Şəmkir, Ceyrançöldə 18 m/s, Ağdamda 16 m/s, Şərurda 15 m/s, Bakıda və Abşeron yarımadasında arabir 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyulun 01-i axşamadək davam edəcək. 02-dən havanın sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.