24 İyun 2023, 12:20
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin müvafiq Şəhər və Rayon İcra Hakimiyyətləri ilə keçirilmiş görüş haqqında
2023-cü il 23 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti müvafiq Şəhər və Rayon İcra Hakimiyyətləri ilə birgə xüsusi təhlükəli atmosfer hadisələrinə qarşı mübarizənin səmərəliliyini artırmaq üçün, onlara dair xəbərdarlıqlara əsasən qabaqlayıcı tədbirlərin vaxtı-vaxtında və lazımi səviyyədə görülməsi məqsədilə onlayn görüş keçirilmişdir.
Ümumilikdə, 62 Şəhər və Rayon İcra Hakimiyyətlərinin iştirakı ilə keçən görüşdə Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları hidrometeoroloji fəaliyyət haqqında məlumatlar vermiş, həmçinin xüsusi təhlükəli atmosfer hadisələri ilə mübarizənin səmərəliliyini artırmaq məqsədilə ştorm-xəbərdarlıqların ötürülməsi sxeminin icrasına dair təqdimat edilmişdir. Son illərdə xüsusi təhlükəli atmosfer hadisələrinin sayının və intensivliyinin artması bu sahədə atılacaq addımların operativ formatda müəyyən edilməsi ilə nəticələnmişdir. Bu tədbirlərin icrası və gələcəkdə iqlim dəyişmələrinin təsiri nəticəsində yaranacaq ciddi fəsadların qarşısının alınması ilə bağlı müzakirələr aparılmışdır.
Eyni zamanda, görüşdə “Çaylardan keçən sel və daşqınlarla mübarizə” mövzusunda da təqdimat edilmiş və xəbərdarlıqlara əsasən qabaqlayıcı tədbirlərin vaxtı-vaxtında, lazımi səviyyədə görülməsinə dair müzakirələr aparılmışdır.