09 İyun 2023, 18:05

Yaponiya səfirliyinin birinci katibi ilə Milli Hidrometeorologiya Xidmətində görüş

  İyun ayının 8-də Yaponiya səfirliyinin birinci katibi Morii Satoşi ilə Milli Hidrometeorologiya Xidmətində görüş keçirilmişdir.

İlk növbədə Cənab Satoşi öz missiyası barədə məlumat verərək qeyd etdi ki, görüşün əsas məqsədi Yaponiya hökuməti ilə Azərbaycan arasında hidrometeorologiya sahəsində gələcəkdə əməkdaşlıq etmək üçün əsas istiqamətlərini müzakirə etməkdir.

Hidrometeoroloji fəaliyyət, bu sahədə aparılan işlər və gələcək planlar barədə MHX-nin rəis müavini Rafiq Verdiyev məlumat verdi. O xüsusilə qeyd etdi ki, son illərdə erkən xəbərdarlıq sisteminin yaradılması sahəsində Azərbaycanda ciddi fəaliyyət həyata keçirilir. Bu məqsədlə bir çox avtomat hidroloji məntəqələr və meteoroloji stansiyalar və iki müasir doppler radar qurğusu alınaraq quraşdırılmışdır və məlumatları emal etmək və viziuallaşdırmaq üçün Situasiya mərkəzi yaradılmışdır.
Bildirildi ki, gələcəkdə nəzərdə tutulan işlər arasında rəqəmsal hava və daşqın proqnozu modellərin yaradılması və müvafiq proqram təminatı sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə xüsusi çəkiyə malikdir. R. Verdiyev həm də kadr hazırlığı, müasir texnologiyadan istifadə, proqnoz modellərinin hazırlanması və s. kimi sahələrdə təlimlərin keçirilməsi və bu məqsədlə beynəlxalq təşkilatlarla birgə fəaliyyət üzrə əməkdaşlığın vacibliyini qeyd etdi.

İlk növbədə bildirildi ki, erkən xəbərdarlıq sistemini daha səmərəli təşkil etmək, doluya qarşı mübarizə və gələcəkdə iqlim dəyişmələri ilə bağlı birgə senarilərin işlənilməsi sahəsində inkişaf etmiş ölkələrlə birgə iş aparmaq mühüm əhəmiyyətə malikdir.
Cənab Satoşi verilən məlumata görə təşəkkür etdi və bildirdi ki, bu sahə ilə bağlı Yaponiyanın müvafiq qurumlarını məlumatlandıracaq və gələcəkdə həmin qurumlarla MHX arasında sıx əməkdaşlığın olmasına çalışacaqdır.