28 Mart 2023, 17:52

Azərbaycanda İqlim Şəffaflığı Sahəsində Liderlik üzrə Mentorluq Proqramına dair təlim keçirilir

Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Böyük Britaniyanın hava keyfiyyəti və iqlim dəyişmələrinə səbəb olan emissiyaların inventarlaşdırılması, proqnozlaşdırma və siyasətlərin təhlili üzrə məsləhətçi şirkət olan “Aether” tərəfindən “Azərbaycanda İqlim Şəffaflığı Sahəsində Liderlik üzrə Mentorluq Proqramı” na dair təlim keçirilir.
 
​28-30 mart tarixlərində keçirilməkdə olan təlimin əsas məqsədi iqlim dəyişmələri sahəsində Gücləndirilmiş Şəffaflıq Mexanizminin (ETF) əsasları üzrə ilkin məlumatlarla tanışlıq, ölkədə Ölçmə, Hesabatlılıq və Yoxlama (MRV) Sistemlərinin qurulması və nəticələrinin izlənməsi, maraqlı tərəflərin imkanlarının interaktiv təhlili üzrə müzakirələrin aparılması və tematik sahələr üzrə koordinasiya qruplarının yaradılmasıdır.
 
​Təlimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri iştirak edirlər.